Ənənəvi “Gümüş Nar” festivalı COP29 layihəsinə həsr olunub

Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin COP29 layihəsi çərçivəsində yekun açıq hava sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib.

Festivalda ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbir iştirakçılarını salamlayaraq keçirilən “Gümüş nar” festivalı haqqında geniş məlumat verib. Bildirib ki, altıncı dəfə keçirilən festival bu il öz istiqamətini nisbətən dəyişib. Belə ki, rektor bu ilki “Gümüş nar” festivalının COP29 layihəsi çərçivəsində keçirilməsini xüsusi qeyd edib. O, COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin mühüm hadisə olduğunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsinin beynəlxalq əhəmiyyətini vurğulayıb. C.Mahmudova çıxışında bu cür sərgilərin keçirilməsinin yaradıcı tələbələrin təxəyyülünün inkişafına dəstək verəcəyinə inamını əlavə edib.Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı,

Arif Əziz çıxış edərək əsərləri sərgilənən bütün tələbələri təbrik edib, COP29 layihəsinin Azərbaycan üçün önəmindən danışıb.

Sonra dizayn ixtisası üzrə təhsil alan tələbələrin COP29 layihəsinə həsr olunmuş əl işlərindən ibarət dəfiləyə baxış olub.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Festivalda tələbələrin 100-ə yaxın yaradıcılıq işi nümayiş etdirilib. Festivalda sərgilənən işlərin bir qismi rəssam, qrafik, dizayner, qobelençi və xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan müəllimlərin rəhbərliyi altında, digər gişmi isə tələbələr tərəfindən sərbəst yerinə yetirilib və münsiflər heyəti tərəfindən seçilib. Qrafika, yağlı boya, akvarel, quaş, bədii parça, ağacoyma, şəbəkə texnikalarında işlənmiş işlərdə fakültə tələbələrinin tədris prosesində qazandıqları akademik bilik və səriştələrlə yanaşı, onların fərdi üslubları öz əksini tapıb.

Qeyd edək ki, ənənəvi “Gümüş nar” festivalının təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnaz Mədətova rəhbərlik edir.
ADMİU-nun Estrada sənəti kafedrasının müdiri, Əməkdar müəllim, professor Məryəm Babayevanın rəhbərliyi ilə Populyar musiqi və caz ifaçılığı ixtisası üzrə təhsil alan tələbələrin bir-birindən gözəl ifaları festivala xüsusi bayram əhval-ruhiyyəsi qatıb.