Muzey sahəsinə dair tədris nəşri təkrar çapdan çıxıb

ADMİU-nun Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının professoru, kulturologiya elmləri doktoru İlqar Hüseynovun həmmüəllifi olduğu “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri” adlı dərs vəsaiti yenidən çap edilib.

İlk dəfə 2008-ci ildə professor Sabir Əmirxanovun həmmüəllifliyi ilə nəşr olunmuş kitabda İtaliya, İngiltərə, Fransa, Macarıstan, ABŞ, Hollandiya, Belçika, İsveçrə, Rusiya, Almaniya, Azərbaycan və digər ölkələrdə məşhur muzeylərin, tarixi mədəniyyət abidələrinin yaranması, inkişafı, ayrı-ayrı sənətkarların müxtəlif dövrlərdəki yaradıcılıq nümunələrindən bəhs edilir.

Tədris ədəbiyyatında haqqında bəhs olunan abidələr sırasında İtaliyada Milli Qalereya, Venesiya bədii muzeyləri, Almaniyada Drezden Qalereyası, Berlin muzeyləri, Hollandiyada Amsterdam reyksmuzeumu, Budapeştdə Macarıstan Milli Qalereyası, Budapeşt Tarixi Muzeyi, həmçinin ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Milli Tarix Muzeyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi və s. vardır. Nəşrin elmi redaktoru Əməkdar incəsənət xadimi, professor Arif Əzizov, redaktoru professor Mübariz Süleymanov, rəyçilər Xalq rəssamı, akademik Mikayıl Abdullayev, professorlar Şəhrəddin Məmmədov, Solmina Dadaşova və Ramiz Ağayevdir.

Dərs vəsaitinin çap və elektron varinatı Kitabaxan-İnformasiya Mərkəzində oxucuların istifadəsindədir.