ADMIU Taylandda keçirilən qlobal davamlı inkişaf konqresində təmsil olunur

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Tayland Krallığının Banqkok şəhərində təşkil olunan (“Global Sustainable Development Congress”) Qlobal Davamlı İnkişaf Konqresində iştirak edir.

Tayland Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən Konqresdə əsas məqsəd davamlı inkişaf problemlərinin təcili həll yollarını müzakirə etməkdir. Konqres həmçinin, dünyadakı aparıcı universitetlər və şirkətlər üçün təhsil, tədqiqat, innovasiya və təbliğat proqramları çərçivəsində qeyd olunan mövzu ilə bağlı sürətli nəticələr əldə etmək istiqamətində bir çağırışdır.

Qeyd edək ki, 10-13 iyun tarixlərində keçiriləcək Qlobal Davamlı İnkişaf Konqresində 100-dən artıq ölkədən 3 min iştirakçı – alimlər, innovatorlar, dövlət və özəl qurumların nümayəndələri, o cümlədən, ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak edirlər. 700-dən yuxarı dövlət və özəl qurumun qatıldığı Konqresdə 350 ekspert-spikerin məruzə ilə çıxışı nəzərdə tutulub.