“Parateatral formalar və teatr” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində KATALİZATOR ArtHub və Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən “Docendo discimus” layihəsi çərçivəsində universitetin Teatrşünaslıq ixtisası üzrə sonuncu təhsil ilinin tələbəsi Fatimə Qurbanzadə tərəfindən “Parateatral formalar və teatr” mövzusunda təlim baş tutub.

Tədbiri giriş sözü ilə açan dosent Elçin Cəfərov mövzunun əhəmiyyətindən danışıb və Fatimə Qurbanzadənin ADMİU-da təhsil aldığı dörd il ərzində aktiv fəaliyyət göstərdiyini vurğulayıb.

Daha sonra F.Qurbanzadə təlim mövzunu təqdim edib. Qeyd olunub ki, Reformator Yeji Qrotovski tamaşaçının yeni bir “teatral dil” axtarışında olduğunu düşünürdü. Həmin dil aktiv mədəniyyətə aid olan parateatr demək idi. O, hamının yaradıcı fərd ola biləcəyinə inanırdı. Bu o mənaya gəlir ki, artıq tamaşaçı yerinə hamı iştirakçı (aktyor) olacaq. 1975-ci ildə Qrotovski həmkarı teatr tənqidçisi Lüdvik Flazsen ilə birlikdə “Millətlər teatrı” layihəsini həyata keçirdi. E.Barba, P.Bruk, L.Ronkoni və A.Qreqorini dəvət etdilər. Əlbəttə, “über-rejissor” Qrotovski idi. Artıq 1970-1980-ci illərdən etibarən parateatral formalar ortaya çıxmağa başladı.

Bu təlimdə üç parateatral nümunənin üzərində dayanılıb: stand up, installyasiya sənəti və performans.
Müasir sənətin böhranı və ya daha dəqiq şəkildə ifadə etsək, təkamülü bütün aspektlərdə cəmiyyətin tələblərinə tabe olaraq dəyişir. Təlimin əsas məqsədlərindən biri auditoriyanı vahid elmi problem ətrafında düşünməyə və münasibət bildirməyə cəlb etməkdir.