ADMİU rektorunun başçılığı ilə nümayəndə heyəti Lissabonda səfərdə olub

Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi üzrə 01-04 iyul tarixlərində Portuqliyanın Lissabon Texniki Universitetinə daha bir məhsuldar səfər baş tutub.

Səfərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, Beynəlxalq əlaqələr üzrə prorektor Nizami Əsədov və Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov iştirak ediblər.

Təlim proqramının ilk günü Universitetin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti professor Zita Martins layihənin üzvü olan 9 Azərbaycan ali təhsil müəssisəsinin nümayəndə heyətini salamlayaraq sahibkarlıq təhsilində beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Oeiras şəhərciyinin vitse-prezidenti professor Joana Mendonça isə Universitet şəhərciyinin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində rolunu, eləcə də yerli və beynəlxalq innovasiya ekosisteminə verdiyi töhfələri qeyd edib. Daha sonra Gülşən Bayramova ENGAGE layihəsi haqqında qısa hesabatla çıxış edərək, təlim proqramının məqsədlərini və planlaşdırılan fəaliyyətləri iştirakçıların diqqətinə çatdırıb. Proqrama uyğun olaraq Lissabon Texniki Universitetinin məsul nümayəndələri universitetin resursları, əməkdaşlıq şəbəkəsi və yeni başlayan sahibkarlar üçün mövcud olan dəstək mexanizmləri,  innovativ fəaliyyətdə dizayn yönümlü düşüncənin inkişaf etdirilməsi, bu istiqamətdə mövcud metodologiyaların tətbiqi, eləcə də Técnico İnnovasiya Mərkəzində sahibkarlıq təhsilinin praktiki tətbiqləri və mərkəzin innovasiyaların təşviqində rolu, sahibkarlıq təhsilinin beş əsas təcrübəsi, effektiv tədris strategiyaları və kurrikulumun tərtibi, rəqəmsal innovasiya və rəqəmsal transformasiya təşəbbüslərinin əhəmiyyəti barədə öz təcrübələrini bölüşüblər. Eyni zamanda nümayəndə heyəti Técnico Lisboa Doktorantura Məktəbi modeli, Məktəbin tədqiqat və innovasiyaları inkişaf etdirmə üçün mövcud yanaşması ilə tanış olublar. Təlim müddətində Eşqin Bayramov və Ana Lukasın moderatorluğunda Azərbaycan nümayəndə heyəti ilə sahibkarlıq təhsili üzrə açıq müzakirə də təşkil edilərək təcrübə mübadiləsi aparılıb. Daha sonra tələbələrin öz sahibkarlıq layihələrini təqdim etdikləri “E.Awards” proqramın tədimatı keçirilib. Təlim proqramının yekununda Texnologiya Laboratoriyasına ziyarət təşkil edilib,  İnnovasiya Mərkəzi və Tələbə Laboratoriyaları Təcrübələri haqqında geniş məlumatlar verilib.