ADMİU ilə Lissabon İncəsənət və Mədəniyyət Universitetləri Arasında Beynəlxalq Əməkdaşlıq
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, prorektor dosent Nizami Əsədov və Beynəlxalq Layihələr və Əcnəbilərlə iş şöbəsinin rəhbəri Namiq Kərimov ADMİU-nun beynəlmiləlləşmə strategiyası çərçivəsində Portuqaliyanın Lissabon şəhərindəki məşhur incəsənət və mədəniyyət universitetləri ilə bir sıra mühüm görüşlər keçiriblər.
İlk görüş Lissabon Universitetinin İncəsənət Fakültəsində (Faculdade de Belas-Artes da Universidade de Lisboa) baş tutub. Fakültənin dekanı (direktoru) Antonio De Sousa Dias və dekan müavini (direktor müavini) Odete Palare ADMİU nümayəndə heyətini səmimi qarşılayıblar. Rektor professor Ceyran Mahmudova Azərbaycanın zəngin mədəniyyəti və ənənələri haqqında danışaraq ADMİU-da tədris olunan unikal fənlər və kurslar haqqında məlumat verib. Nümayəndə heyəti universitetin heykəltəraşlıq, xalça və incəsənət bölmələrini ziyarət edib, fakültənin yay məktəbi ilə də tanış olublar.
Professor Odete Palare nümayəndə heyətinə 12-ci əsrdə monastır əsasında yaradılmış universitetin tarixi məkanlarını tanış etmək üçün bələdçilik edərək universitetin zəngin tarixi haqqında geniş məlumat verib.
İkinci görüş Lissabon Universitetinin Humanitar Elmlər Fakültəsində (Faculdade de Letras da Universidade de Lisboa) keçirilib. Fakültə direktoru professor Hermenegildo Fernandes və direktor müavini Katerina Viegas ADMİU nümayəndə heyətini qəbul ediblər. Görüş universitetin qədim və tarixi Elmi Şura zalında həyata keçirilib. Professor Fernandes iki universitet arasında ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Rektor C.Mahmudova ADMİU-nun beş fakültəsinin fəaliyyətini təqdim edərək Azərbaycanın zəngin tarixi haqqında geniş məlumat verib. Professor Katerina Viegas fakültənin tarixi və mümkün əməkdaşlıq imkanları haqqında danışaraq universitetin əhəmiyyətli məkanları ilə nümayəndə heyətini tanış edib. Görüşün sonunda qeyri-rəsmi masa arxasında ADMİU və Lissabon Universiteti arasında əməkdaşlığın əhəmiyyəti müzakirə edilib. Eyni zamanda Şərq və Qərb mədəniyyət, incəsənət və adət-ənələri haqqında geniş müzakirələr aparılıb.
Son görüş Lissabon Ali Musiqi Məktəbində (Escola Superior de Música de Lisboa) keçirilib. Fakültənin direktoru Adelio Carneiro ADMİU nümayəndə heyətini qəbul edib. O, Lissabon Universiteti ilə birgə həyata keçirilən İfaçılıq Sənəti və Hərəkətli Şəkil üzrə doktorantura proqramı haqqında məlumat verib. Professor Ceyran Mahmudova musiqi fakültəsinin fəaliyyəti, elmi tədqiqatlar və beynəlxalq əlaqələr haqqında məlumat verərək onların Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. Görüşün sonunda tərəflər öz məxsusi hədiyələrini bir-birlərinə təqdim edərək xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, sözügedən görüşlər ADMİU ilə Lissabonun aparıcı incəsənət və mədəniyyət müəssisələri arasında beynəlxalq əməkdaşlığı və mədəni mübadiləni gücləndirmək üçün mühüm addım təşkil edir və birgə layihələr və akademik mübadilələr üçün imkanlar yaradır.