ADMİU-da coşğulu “MƏZUN GÜNÜ”

İyunun 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Məzun günü” keçirilib.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər, eləcə də əvvəlki illərdə universitetin məzunu olmuş tanınmış sənətçilər iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissənin açılışını edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bütün məzunları bu xoş gün münasibəti ilə təbrik edib, universitetdənkənar həyatlarında da uğurlar və müvəffəqiyyətlər arzulayıb. Bu ilki məzuniyyətin universitet üçün önəmli zamana təsadüf etdiyini bildirən xanım rektor 2023-cü ildə Azərbaycanın ilk yaradıcılıq yönümlü ali təhsil ocaqlarından biri olan 100 yaşlı ADMİU-nun 100 illik yubileyinin qeyd olunduğunu xatırladıb. Həmçinin, rektor ötən məzun günündən keçən 1 ildə ölkəmizin həyatında baş verən ən önəmli hadisədən- Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək suverenliyinə qovuşmasından danışıb, belə bir güclü, qətiyyətli dövlətin vətəndaşları olduğu üçün hər kəsi təbrik edib. C.Mahmudova məzunlara ADMİU-nun 100 illik tarixində yeri olan, bu ali məktəbdə təhsil alaraq ölkəmizin adını ucaldan, öz yaradıcılıqları ilə Azərbaycan mədəniyyətini və incəsənətini inkişaf etdirən tanınmış sənətkarlar kimi uğur qazanmağı, mədəniyyətimizə layiqincə xidmət etməyi arzulayıb. Təhsil müddətlərində hər zaman universitetin ictimai işlərində, universitet daxili və xarici keçirilən tədbir, sərgi və konsertlərdə fəal iştirak edən məzunlara bu fəallıqlarını və sənət sevgilərini bundan sonrakı həyatlarında da qoruyub-saxlamağı arzu edən rektor ADMİU-nun da hər zaman onların yanında olduğunu, hər cür dəstəyi göstərəcəyini bildirib.

Rektorun çıxışından sonra ADMİU-nun 2023-2024-cü tədris ilindən müəyyən hissələri əks etdirən video-çarx təqdim olunub.

Sonra fakültələr üzrə məzunlar səhnəyə dəvət olunublar. Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Audiovizual sənətlər fakültəsinin dekanı Gülnarə, Hüseynova, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Kulturologiya fakültəsinin dekanı Vasif Adilov, ADMİU Sabah qruplarının rəhbəri Nofəl Vəliyev, ölkəmizdə bir ilk olan və bu il ilk dəfə məzunlarını yola salan ADMİU MBA proqramının rəhbəri Gülnarə Məmmədova çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu ediblər.

Coşğulu Qraduasiya mərasimindən sonra Məzun gününün rəsmi hissəsi sona yetib.
Bədii hissədə tanınmış qonaqlar və ADMİU-nun məzunu olmuş sənətçilər şən musiqi nömrələriylə çıxış ediblər.