Avropa Birliyinin Birinci Mədəniyyət və İncəsənət üzrə Təhlil Məktəbi başa çatıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Avropa Birliyinin Jean Monnet Modulu çərçivəsində təşkil edilən birinci Mədəniyyət və İncəsənət üzrə Təhlil Məktəbinin ilk mərhələsi uğurla başa çatıb.
Təlim proqramı iştirakçılara sosial tədqiqat metodları, mədəniyyət və incəsənət siyasətləri, data toplanması və sübutlara əsaslanan təhlil kimi sahələrdə dərin biliklər və praktiki bacarıqlar qazandırıb. Məktəb formatına əsasən, iştirakçılar öz mövzularını müəyyənləşdirib və mentorların dəstəyi ilə proqramın sonunda mədəniyyət və incəsənət sahəsində təhlil mətnlərini hazırlayıblar.
26 iyul 2024-cü il tarixində keçirilən yekun hesabat günü çərçivəsində iştirakçılar hazırladıqları icmalları və tədqiqat planlarını ekspertlərə təqdim ediblər. Akademik və sənaye sahəsində fəaliyyət göstərən nüfuzlu ekspertlərin iştirakı ilə həyata keçirilən tədbirdə iştirakçılar onların qiymətli təkliflərindən yararlanma imkanı əldə ediblər.
Proqram çərçivəsində gənc tədqiqatçılar tərəfindən hazırlanan məqalələr Jean Monnet Modulunun hazırlayacağı jurnal toplusunda və layihənin veb səhifəsində dərc ediləcək.