ADMİU-da Milli Teatr Günü qeyd edilib

Martın 10-da Milli Teatr günü münasibəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir sıra tədbirlər keçirilib.
Günün ilk yarısında ADMİU-nun Teatr sənəti fakültəsində 1-ci kurs magistr tələbələrinin ifasında Kamal Abdullanın “Bir, iki-bizimki” tamaşası oynanılıb. Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist, dosent Yaqut Paşayeva, Aktyor sənəti müəllimi Əməkdar artist Qurban Məsimov, Səhnə danışığı müəllimi Əməkdar müəllim, dosent, Kəmalə Mehdiyeva və tamaşanın bəstəkarı Rüfət Xəlilovdur.
Tədbirdə professor, sənətşünaslıq elmləri doktoru Məryam Əlizadə Milli Teatr Günü ilə əlaqədar çıxış edərək, tamaşaçılara milli teatrımızın yaranması, təşəkkülü və keçdiyi şərəfli yolu haqqında ətraflı məlumat verıb. Daha sonra tamaşanın nümayişi baş tutub.
Günün ikinci yarısında ADMİU-nun SABAH qruplarının III təhsil ili tələbələrinin təqdimatında Cəfər Cabbarlının “Dönüş” pyesi əsasında hazırlanmış eyni adlı sənədli komediya nümayiş olunub. Qeyd edək ki, qrupun Aktyor sənəti müəllimi Xalq artisti Mehriban Zəki, əsərin quruluşçu rejissoru İradə Gözəlovadır.
Tamaşadan öncə ADMİU SABAH qruplarının rəhbəri, Əməkdar artist Nofəl Vəliyev çıxış edərək Azərbaycan teatrının tarixindən danışıb, universitetin Teatr sənəti fakültəsinin professor-müəllim heyətini, tələbələrini Milli Teatr günü münasibəti ilə təbrik edib.
Sonra tamaşaya baxış baş tutub.







