ADMİU KA171 mobillik proqramına qatılmağa hazırlaşır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq Layihələr və Əcnəbilərlə İş Şöbəsi və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə qlobal Erasmus+ Günləri çərçivəsində tələbələr üçün məlumat sessiyası təşkil edilmişdir. Sessiyada universitetin Erasmus+ proqramında artan rolu və ADMİU-nun beynəlxalq akademik mobillik imkanlarında fəal iştirakı tələbələrə təqdim edilmişdir. Sessiyada Beynəlxalq Layihələr və Əcnəbilərlə iş şöbəsinin müdiri və ENGAGE layihəsinin meneceri Namiq Kərimov ENGAGE layihəsinin miqyası, məqsədləri və ADMİU tələbələri üçün gözlənilən nəticələri haqqında ətraflı məlumat vermişdir.
Eyni zamanda, Universitet üçün əlamətdar bir yenilik olaraq, ADMİU Erasmus+ çərçivəsində tələbələrin xaricdə təhsil almasını və eyni zamanda xaricdən tələbə qəbul etməyi nəzərdə tutan KA171 mobillik proqramına ilk dəfə qatılmağa hazırlaşır. Avropa İttifaqına üzv universitetlərlə artıq 10-dan çox institusional müqavilə imzalanıb və universitet təhsil işçiləri və tələbələr üçün beynəlxalq təhsil mobilliyi üçün qrant əldə edib ki, bu da ADMİU tələbə-müəllim heyəti üçün daha geniş akademik əməkdaşlığa və mübadilə imkanlarına yol açacaqdır. Məlumat sessiyasında tələbələr Erasmus+ KA171 mobillik proqramında iştirak ilə bağlı qaydalar, tələblər və prosedurlar haqqında ətraflı məlumatlandırıldılar.
Tələbələrə mobillik proqramlarına uyğunluq meyarları və müraciət prosesinə dair təlimatlar da verilmişdir ki, onlar bu imkanlardan şəxsi və akademik inkişaf üçün tam şəkildə yararlana bilsinlər. Erasmus+ proqramları ilə bağlı təşəbbüslər ADMİU-nun beynəlmiləlləşmə strategiyasının tətbiqi üçün mühüm bir addım olaraq tələbə və müəllim heyəti üçün yeni təhsil imkanları yaradacaq, eyni zamanda Azərbaycan və Avropa təhsil müəssisələri arasında əlaqələri daha da möhkəmləndirəcəkdir.