ADMİU-nun Elmi Şurasının növbəti iclası baş tutub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasın gündəlik məsələlərinə keçməzdən öncə ənənəvi olaraq son Elmi Şura iclasından keçən vaxt ərzində yubileyi qeyd olunan, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə universitetimizi təmsil edərək fərqlənən əməkdaşlar təbrik edilib.
Universitetin rektoru professor Ceyran Mahmudova Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadə, Aşıq sənəti kafedrasının professor Əhliman Rəhimov, Sosial-mədəni fəaliyyət kafedrasının baş müəllimi Ceyran Kuliyeva, Kino-televiziya sənətləri kafedrasının dosenti İsrafil Ağazadə, Ədəbiyyat və dillər kafedrasının müəllimi Nüşabə Babayevanı yubileyləri münasibətləri ilə təbrik edib, hər birinə uzun ömür, can sağlığı, pedaqoji fəaliyyətlərində uğurlar arzu edib.
Həmçinin, rektor Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadəyə TÜRKSOY medalını təqdim edib.
İclasda Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşi sənət Festivalının beynəlxalq münsiflər heyətində yer alan Aşıq sənəti kafedrasının müdiri, dosent Samirə Əliyevaya mədəni irsin qorunması işində göstərdiyi xidmətinə görə təltif edildiyi diplom, Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimliyə isə festivalın Qran-pri mükafatı təqdim olunub.
İclasın növbəti təltifçiləri ADMİU SABAH qruplarının Aktyor sənəti ixtisası üzrə IV təhsil ilinin tələbələri (Nurlan Ağayev, Fətəli Abdullayev, Zeynəb İslamova, Emil Həmidov, Cəfər Cəfərli) olublar. Belə ki, onlar Qırğızıstanın Bişkek şəhərində baş tutan “Жаңы Ысымдар” X Beynəlxalq Tələbə Teatr Festivalında “Dəniz Kənarı ilə Qaçan Alabaş” tamaşası ilə çıxış edərək “Ən yaxşı tamaşa” nominasiyası üzrə III yerə layiq görülüblər. Onların uğurlarının simvolu olan diplomu təqdim edən rektor C.Mahmudova universiteti beynəlxalq səhnələrdə uğurla təmsil edən bütün əməkdaşlara, tələbələrə öz təşəkkürünü bildirib, hər birinə yeni-yeni yaradıcılıq uğurları arzu edib.
Daha sonra iclas gündəlikdəki məsələlər və hesabatlarla öz işini davam etdirib.