ADMİU-nun müəllimi Xarkov Dövlət Mədəniyyət Akademiyası tərəfindən keçirilən beynəlxalq elmi onlayn konfransda iştirak edib
Noyabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının müəllimi Əli Abuzərov onlayn formatda keçirilən və Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illiyinə həsr olunmuş “Mədəniyyətşünaslıq və sosial kommunikasiyalar: innovativ inkişaf strategiyaları” adlı beynəlxalq elmi onlayn konfransda iştirak edib. Müəllim konfransın açılışında çıxış edərək Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illik yubileyini təbrik edib və ADMİU-nun beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlarını vurğulayıb. O, universitetin 42 ölkədən 120-dən çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini, o cümlədən Xarkov Dövlət Mədəniyyət Akademiyası ilə əlaqələrini xüsusi qeyd edib. Eyni zamanda, universitetin təhsil proqramlarının beynəlxalq akkreditasiyasını fəxrlə açıqlayıb. Həmçinin, Əli Abuzərov “Muzeyşünaslıq və abidəşünaslığın tədqiqat paradiqmaları” adlı konfransın sessiyasında “Oyunlaşdırma və muzey interaktivliyinin sintezinin rolu” adlı tezisi ilə təqdimat edib. Əli Abuzərovun təqdimatı Ukrayna dilində olub və dinləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb. Çıxış zamanı Azərbaycan muzeylərində həyata keçirilmiş interaktiv yanaşmalar və innovativ təcrübələr geniş müzakirə edilib.