BƏDİİ YARADICILIQ SAHƏSİNDƏ YENİ TƏDRİS NƏŞRİ

ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Əli Əmirlinin xarici müəllifin ana dilimizə tərcümə etdiyi tədris nəşri yenicə çap olunub. Amerikalı nəzəriyyəçi, minlərlə filmin məsləhətçisi və redaktoru Linda Segerin rus dilindən çevrilmiş “Yaxşı ssenarini əla ssenariyə necə çevirməli?” kitabı Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə nəşr edilmişdir. Kitabda ssenarinin yazılması və redaktəsi ilə bağlı yüksək peşəkarlıq səviyyəsində məsləhətlər verilir,  keyfiyyətli ssenarinin yazılma yolları, sirləri konkret misallar üzərində göstərilir. Nəşrin struktur quruluşu “Ön söz”, “Ssenarinin strukturu”, “İdeyanın inkişafı”, “Xarakterin inkişafı” və “Epiloq” hissələrindən ibarət olan tədris vəsaitində kinossenarinin bütün komponentlərinə göstərilən tələblər araşdırılır, ümumi yaradıcılıq işində hər kəsin yeri göstərilir. Bu kitab ADMİU-nun Audiovizual sənətlər fakültəsinin Bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasının tələbərinə əsl dramatik ssenari yazmağa kömək edəcək, həmçinin intuitiv şəkildə bildiklərini sistemləşdirməyə yardımçı olacaqdır.

Universitet tələbələrinin istifadəsi üçün Azərbaycan Kinematoqrafçılar İttifaqı nəşrdən 150 nüsxəni Kitabxana-informasiya mərkəzinə hədiyyə edib. İxtisasyönümlü nəşrləri davamlı olaraq ADMİU-ya bağışladığı üçün Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə və şəxsən Əli İsa Cabbarova dərin təşəkkürümüzü bildiririk.