“Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi çərçivəsində sonuncu görüş

Fevralın 23-də KATALİZATOR ArtHub-ın “Böyük Britaniyanın çağdaş dramaturgiyası: TANIMA” layihəsi çərçivəsində sonuncu görüş baş tutub. Görüşün 1-ci hissəsində London Metropoliton Universitetinin müəllimi, prodüser və mentor Manik Qovindanın “Böyük Britaniyada hüdudsuz teatr/ eksperimental performans” mövzusunda seminarı olub.

Tədbirdə iştirak edən Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib, ölkələrarası mədəni əlaqələrin güclənməsində bu cür layihələrin önəmindən bəhs edib.

Tədbirin davamında Teatrşünaslıq kafedrasının müəllimi Emin Əliyevin moderatorluğu ilə “Britaniya dramaturgiyasında mənəvi konsept” mövzusunda müzakirə baş tutub. Bu hissədə iştirakçılar XXI əsrdə Böyük Britaniya dramaturgiyasında müşahidə olunan tendensiyalarla tanış olmaq imkanı əldə edib, eləcə də Əməkdar artist, dosent Yaqut Paşazadənin tələbə-aktyorlarla hazırladığı Fibi Uoller-Bricin “Flibəq” pyesinin oxunuşunu dinləyiblər. Oxunuşdan sonra teatr xadimlərinin, ADMİU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə müzakirə davam edib.

Qeyd edək ki, “KATALİZATOR ArtHub”-ın təşkilatçılığı, Britaniya Şurasının təşkilati, Teatro.az sənət portalının informasiya dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, YUĞ Dövlət Teatrının, CHARACTERS Müasir Dramaturgiya Festivalının və Ritual Mobil teatr laboratoriyasının tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi Azərbaycan tamaşaçısında müasir Böyük Britaniya dramaturgiyası haqqında təsəvvür yaratmaqdır.