“ELMİ-TƏDQİQATLARDA MƏNBƏ AXTARIŞI” MÖVZUSUNDA TƏLİMLƏR
Kitabxana-informasiya mərkəzi tərəfindən magistrantlar üçün elmi araşdırmaların səmərəli həyata keçirilməsi məqsədilə təlimlər keçirilib.
Təlimlərin əsas vəzifəsi magistratura səviyyəsində təhsilin məzmununa daxil olan elmi-tədqiqat işlərinin müvafiq tələblərə uyğun olaraq müasir üsullarla aparılması və dissertasiya işinin hazırlanmasına informasiya dəstəyinin göstərilməsidir.
Çap və elektron mənbələrin axtarışı, eləcə də onlara əlçatanlığın təmin olunması ilə bağlı məsələləri əks etdirən təlimlər ADMİU-nun rəqəmsal kitabxanası və respublikanın aparıcı kitabxanalarının tammətnli məlumat bazalarından rahat istifadənin təşkili istiqamətində aparılıb.
Kitabxana-informasiya mərkəzinin magistrantlara elmi-tədqiqat prosesində e-qaynaqlar, akademik bazalar, rəqəmsal repozitariyalar, istinad qaydaları və s. xidmətləri barədə geniş məlumat çatdırılıb. Resursların axtarışı və əlçatanlığının təminatı üzrə informasiya savadlılığının artırılmasını hədəfləyən təlimlərdə magistrantların elektron və çap resurslarından operativ istifadəsinə, həmçinin elmi mənbələrin asan tapılması və müəllif hüquqlarına əməl edilməsi kimi aktual məsələlər öyrədilib.
Mənbələrin dəyərləndirilməsi və dissertasiya mövzularının resurs ehtiyaclarına uyğun seçimi virtual mühitdə tammətnli kitablar və jurnal məqalələrinin profilə görə mövzu başlıqlarına əsasən analiz edilib. Dissertasiya işinin yekununda istifadə edilmiş elmi qaynaqların ədəbiyyat siyahısını düzgün formalaşdırmaqla bağlı zəruri məsləhətlər verilib.