"Səhnə danışığı" kafedrasının müdiri.

Xalq artisti, professor

Azərbaycan Respublikasının Xalq artisti, ADMİU-nun professoru, “Səhnə danışığı” kafedrasının müdiri.

Məmməd Səfa Məmmədəli oğlu Qasımov 25 iyul 1960-cı ildə Şabran (keçmiş Dəvəçi) rayonunda anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində orta təhsil almışdır. 1977–1980-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunda “Özfəaliyyət teatr kollektivi rəhbəri” ixtisası üzrə Əfrasiyab Məmmədovun sinfində oxumuş və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Əmək fəaliyyətinə təyinatla Şabran Mədəniyyət Evində başlamışdır.

Ali sənət təhsilini 1980–1984-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) “Dram və kino aktyorluğu” fakültəsində almış, Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi görkəmli sənətkarların tələbəsi olmuşdur.

Məmməd Səfa 1984-cü ildə ali təhsilini başa vurduğu gündən etibarən taleyini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlamış və fasiləsiz olaraq bu ali təhsil ocağında pedaqoji fəaliyyət göstərməkdədir. Universitetdəki akademik fəaliyyət pillələri aşağıdakı ardıcıllıqla inkişaf etmişdir:

1988-ci il: Universitetdə müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır.

2002-ci il: Dosent elmi adına layiq görülmüşdür.

2018-ci il: Professor vəzifəsini almışdır.

Hazırda ADMİU-nun “Səhnə danışığı” kafedrasının müdiri vəzifəsində çalışır və tələbələrə aktyor sənəti fənnini tədris edir.

Müəllifliyi ilə 2024-cü ildə “Teatr… Kino… Aktyor” adlı dərs vəsaiti nəşr olunmuşdur. Vəsaitdə ixtisas fənlərinin təlim nəticələri, aktyor və rejissor hazırlığının nəzəri-praktiki əsasları sistemləşdirilmiş, Konstantin Stanislavski, Li Strasberq və Vaqif İbrahimoğlu kimi sənət nəzəriyyəçilərinin və rejissorların metodik təcrübələri təqdim edilmişdir.

1988-ci ildə Vaqif İbrahimoğlunun yaratdığı eksperimental studiyanın gənclərdən ibarət truppasına qoşulmuş, 1991-ci ildə həmin kollektivin bazasında təsis edilən “Yuğ” Dövlət Teatrının əsas aktyorlarından biri kimi bu günədək mürəkkəb fəlsəfi-psixoloji səhnə obrazlarını canlandırmışdır.

Əsas teatr rolları: Bamsı Beyrək (“Oğul” – “Kitabi-Dədə Qorqud”), Qorqud (“Boy” – “Kitabi-Dədə Qorqud”), Şah İsmayıl (“Dəhnamə” – Ş.İ.Xətai), İsa

peyğəmbər (“Açar” – N.Gəncəvi), Füzuli (“Dad” – M.Füzuli), Qoca (“Yol” – M.Füzuli), Qarapaltar (“Salam” – M.Şəhriyar), Sabir (“Hop-hop” – M.Ə.Sabir), Dərviş (“Naməlum Axundzadə” – M.F.Axundzadə), Otello (“Otello” – U.Şekspir), Alkiviyan (“Afinalı Timon” – U.Şekspir), Höte (“Əlkimya və yaxud üçbucaqlı dördbucaq” – Y.V.Höte), Çexov (“Sentimental vals” – A.Çexov), Semyonov-Pişşik (“Birinci akt” və “Albalı bağı” – A.Çexov), Oğul (“Kafkadan salam” – F.Kafka), Həsənzadə (“Sən həmişə mənimləsən” – İ.Əfəndiyev), Kişi (“Bir, iki, bizimki” və “Səsimi unutma” – K.Abdulla), Şeyx Əzəm Şəmsəddin Bağdadi (“Mənəm mən” – İ.Fəhmi), Nadir Şah (“Nadir Şah” – Y.Oğuz), Kərimxan Zənd (“Şah Qacar” – Ə.Əmirli) və s.

Seçilmiş filmoqrafiya: “Pirə qayıdan yol” (1994), “Köpək” (1994), “Ümid” (1995), “Fatehlərin divanı”, “Ovsunçu” (2002), “Cavid ömrü” (2007), “Hökmdarın taleyi” (2008), “Sahə” (2010), “Mayak” (2012), “Sübhün səfiri” (2012), “Dolu” (2012), “Üçüncü günün adamı” (2017), “Köhnə çamadanlar” (2022), “Qütb ulduzu” (2023), “Hökm” (2023), “Çinar kölgəsi” (2024), “Tağıyev. Sona” (2025), “Tarixin divanı” (2025), “Akinak” (2026) və digər ekran əsərləri.

2004: Azərbaycanda teatr sənətinin inkişafında fəal iştirakına görə “Qızıl Dərviş” mükafatı.

2009: “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı.

2009–2012, 2014–2017, 2019–2022: Azərbaycan Respublikası Prezidentinin Mükafatı.

2018: “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı.

2021: Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı.

2023: “Altın Güneş Ödülleri 2023” mükafatı.

2023: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.

2023: Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı.

2024 (17 aprel): “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin birgə təsis etdiyi “Vətən Övladı” ictimai ordeni.