Mütəxəssislər ADMİU-da MBA proqramının dərs prosesi ilə tanış olublar

“Yarat Contemporary Art School” yetirmələri art kurator, mədəniyyət işçisi Aynur Abutalıbova, art kurator, mədəni layihələr meneceri Bəxtiyar Əliyev, multidissiplinar rəssam Fidan Hümbətli, art kurator, incəsənət tənqidçisi Mənsurə Məmmədəliyeva və musiqi prodüsseri İbrahim Babayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) MBA proqramı çərçivəsində Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov tərəfindən tədris olunan “Yeni trendlər” fənnindən əldə edilən bilik və səriştələrin auditoriya otağında qalmaması və real mühitə tətbiq olunması məqsədilə qonaq qismində dərslərdə iştirak ediblər.
Onlar II təhsil ili Azərbaycan bölməsinin tələbələrinin işləri ilə tanış olub, fikir mübadiləsi aparıb və suallarını cavablandırıblar. Qonaqlar tələbələrin işlərinin kifayət qədər müsbət olduqlarını bildiriblər.
Aynur Abutalıbova gənc menecerlərin işləri ilə bağlı layihələrin praktiki və nəzəri biliklərini yaxşı nümayiş etdirdiklərini, bu qəbildən tədbirlərin tələbələrə həm də netvörkinq imkanları yaratdığını söyləyib.
MBA proqramının tələbələri ilə belə görüşlərin sayının gələcəkdə daha da artırılması planlaşdırılır.