Estrada sənəti kafedrasının müdiri
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Professor
Azərbaycan Respublikasının əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Babayeva Məryəm Şaqi qızı 1977-1981-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda, 1983-1988-ci illərdə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1981-1983-cü illərdə Salyan rayon musiqi məktəbində, 1983-1988-ci illərdə Sumqayıt şəhərində 3 saylı musiqi məktəbində, 1988-2001-ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində müxtəlif tədris ocaqlarında müəllim kimi fəaliyyət göstərmişdir. 1995-1998-ci illərdə Rusiya Federasiyasının Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının professoru V.V.Yemelyanovun vokal yaradıcılıq məktəbində təhsilini davam etdirmişdir. 2001-2002-ci illərdə Sumqayıt Musiqi Texnikumunda, 2002-2008-ci illərdə Bül-bül adına orta ixtisas musiqi məktəbində vokal sinifində müəllim kimi fəaliyyət göstərmişdir. 2007-2013-cü illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında gənc vokalçıların yetişdirilməsində böyük əmək sərf etmişdir.
2004-2014-cı illərdə Azərbaycan Milli Konservatoriyasında “Muğam (xanəndə)” kafedrasında dosent vəzifəsində çalışmışdır. 2014-2016-cı ilərdə Azərbaycan Milli Konservatoriyasında “Milli vokal” kafedrasında dosent vəzifəsində çalışmışdır.
2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2011-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2013-cü ildə dosent vəzifəsinə layiq görülmüşdür.
2014-cü ildə “Ustad sənətkar” və “Qızıl qələm” Media mükafatlarına layiq görülmüşdür. 2014-cü ildən Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrasında dosent, 2017-ci ildən isə professor vəzifəsində çalışır.
2023-cü il 13 dekabr tarixində ADMİU-nun 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunmuşdur.
İşlədiyi müddət ərzində M.Babayeva savadlı pedaqoq və rəhbər kimi, professor-müəllim heyətinin və tələbələrin hörmətini qazanmışdır.
M.Babayevanın tələbələri, müxtəlif Respublika və Beynəlxalq festival – müsabiqələrdə iştirak edərək laureat adını qazanmışdırlar. Məryəm Babayeva 34 proqramın, 3 dərs vəsaiti, 2 metodiki vəsaitin və bir çox məqalələrin müəllifidir. Məryəm Babayeva eyni zamanda Beynəlxalq və Respublika konfranslarının iştirakçısı olmuşdur.
Məryəm Babayeva televiziya kanallarında bir sıra maraqlı verilişlərin iştirakçısı kimi musiqi ictimaiyyəti və geniş tamaşaçı kütləsinə yaxşı tanışdır. O, “Azəri Star – 2006” televiziya mahnı müsabiqəsində, 2007-ci ildə “İctimai Telekanalında” keçirilən “Sınaq” televiziya müsabiqəsində müəllim kürsüsündə əyləşmişdir.
2023-cü ildə isə 35 ildən sonra Azərbaycan estrada səhnəsinə qayıtmış “Bakı Payızı” müsabiqəsində münsif kürsüsündə əyləşmişdir.
28-31 mart 2016-cı il tarixlərində-R.M.Qlier adına Kiyev Musiqi İnstitutunda, 14.12.2022-ci il tarixində ADMİU-nun nəzdində olan Humanitar kollecdə professor Məryəm Babayeva tərəfindən ustad dərsləri keçirilmişdir.
2016-cı il Yanvar ayından bu günə kimi Estrada sənəti kafedrasının müdiri vəzifəsində çalışır. Kafedraya rəhbərlik etdiyi müddətdə kafedra, bir çox nəaliyyətlər əldə etmişdir. Məryəm Babayevanın rəhbərliyi altında hər il mütəmadi olaraq kafedranın yüksək peşəkarlıq səviyyəsində konsertlər təşkil olunur. Onu da qeyd etmək lazımdır ki, professor Məryəm Babayevanın rəhbərliyi ilə ADMİU-nun 100 illik yubileyi çərçivəsində 19.05.2023-cü il tarixində ilk dəfə olaraq caz musiqisindən ibarət olan “Caz musiqisi axşamı” adlı konsert keçirilmişdir və bununla yanaşı onun rəhbərliyi ilə Azərbaycan səhnəsinin korifey bəstəkarları və müğənnilərinin yubileyləri ilə əlaqədar olaraq konsertlər təşkil olunmuşdur.
Qeyd etmək lazımdır ki, professor Məryəm Babayeva böyük sənətkar Rəşid Behbudovun yaradıcılığına həsr edilmiş, “Rəşid Behbudovun ifaçılıq üslubu milli və klassik vokal ənənələrinin sintezi kontekstində” adlı ilk tədqiqat işinin müəllifidir.