Tədris Şöbəsinin Müdiri
Namiq Saleh oğlu Qafarov 25 sentyabr 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-1984-cü illərdə Bakı şəhəri 190 saylı orta məktəbdə, 1976-1982-ci illərdə T.Quliyev adına 12 saylı musiqi məktəbində kamança ixtisası üzrə təhsil almışdır. 1984-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Bakı şəhəri 38 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildən etibarən Bakı Slavyan Universitetinin Türkologiya kafedrasında müəllim, baş müəllim və Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində çalışmışdır.
2018-ci ildə “Oğuz qrupu Türk dillərində feildən yaranan adlar” mövzusunda (5710.01 – Türk dilləri) dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda elmlər doktoru proqramı üzrə “Oğuz qrupu Türk dillərinin dialektlərinin etnolinqvistik xüsusiyyətləri” mövzusunda dissertasiya işi üzərində çalışır.
Namiq Qafarov 30-dan artıq elmi məqalənin və fənn proqramlarının müəllifidir. Onun bir sıra elmi məqalələri xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc olunmuşdur. Türkiyə, Litva, Qırğızıstan, Türkmənistan, Rusiya və digər ölkələrdə keçirilmiş beynəlxalq və respublika səviyyəli elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Vilnüs şəhərində yerləşən Litva Elm və Təhsil Universitetində bakalavr və magistr səviyyəsində təhsil alan tələbələr üçün “Səsdən mətnə qədər” layihəsi çərçivəsində “Türkologiyanın əsasları” və “Türk dilləri” mövzularında mühazirələr aparmışdır.
2021-ci ildə ATİAHİ Respublika Komitəsinin yaranmasının 100 illiyi münasibətilə “Yubiley döş nişanı” ilə təltif olunmuşdur.
2024-cü ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsini icra edir.

