Mürsəlov Natiq Rəşid oğlu 1986-cı il iyulun 6-da Sumqayıt şəhərində anadan olmuşdur. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Milli Ordusunda N saylı hərbi hissədə xidmət keçmişdir. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində Kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə bakalavriat, 2010-2012-ci illərdə Kitabxana fondlarının təşkili və istifadə olunması ixtisaslaşması üzrə magistratura səviyyəsində təhsil almışdır. 2012-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 3356.01-Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə əyani doktorantı olmuşdur.

Natiq Mürsəlov əmək fəaliyyətinə 2011-ci ildə Səməd Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında kitabxanaçı kimi başlamış, 2013-2015-ci illərdə AMEA Mərkəzi Elmi Kitabxanasında aparıcı elmi işçi, 2015-2017-ci illərdə AMEA Hüseyn Cavidin Ev Muzeyində Elmi katib vəzifələrində çalışmışdır. Həmin dövrdə Gənclər Fondunun maliyyə dəstəyi və N.Mürsəlovun rəhbərliyi ilə “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” layihəsi həyata keçirilmiş, “Elmin innovativ inkişafının informasiya təminatı” adlı elmi-biblioqrafik göstəricisi çapdan çıxmışdır.

Natiq Mürsəlov 2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət Universitetində (ADMİU) müxtəlif vəzifələrdə – Kitabxana-informasiya mərkəzində kitabxanaçı, biblioqraf, Tədris şöbəsində böyük mütəxəssis işləmiş, 2026-cı ildən isə Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri kimi fəaliyyət göstərir. O, 2023-cü ildə Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq yay məktəbində iştirak edərək müvafiq sahə üzrə bilik və peşəkar bacarıqlarını inkişaf etdirmişdir.

2017-ci ildən etibarən ADMİU-da müəllim kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olan N.Mürsəlov hazırda Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimidir. Eyni zamanda, ADMİU Elmi-Metodiki Şurasının Elmi katibi vəzifəsini icra edir. Onun 3 kitabı, 12 fənn proqramı, 24 elmi məqaləsi, 19 yerli və beynəlxalq konfrans materialında tezisi çap olunmuşdur.