Tədris İşləri Üzrə Prorektor
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Nigar Rafiq qızı Rüstəmova 1965-ci ildə Bakı şəhərində anadan olub. 1972-1982-ci illərdə Bakı şəhəri, 150 №-li orta məktəbdə təhsil alıb. 1982-1987-ci illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. “Cəlil Məmmmədquluzadənin əsərlərində işlədilən frazeologizmlərin rus dilinə tərcümə problemləri” mövzusunda buraxılış işini müdafiə edərək filoloq dərəcəsinə layiq görülüb. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dissertanturasına qəbul olunub. 2002-ci ildə “Süleyman Rəhimovun yaradıcılığında milli ədəbi ənənələr” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2008-ci ildə AAK-ın qərarı ilə “dosent” elmi adına layiq görülüb. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
1991-2009-cu illərdə ADMİU-da laborant, müəllim, dosent və Elmi şuranın Elmi katibi vəzifələrində çalışıb. 2006-2008-ci illərdə ADMİU-nun nəzdində N 02.091 Dissertasiya şurasının Elmi katibi olub. 2009-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti kimi çalışıb. Milli Məclisin III, IV, V çağırışlarında təhsil və elm sahələrində qəbul edilən qanunların hazırlanmasında yaxından iştirak edib. “Elm haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” Qanunların, “Təhsil haqqında” Qanuna edilən əlavə və dəyişikliklər, eləcə də digər sənədlərin hazırlanması zamanı təhsil qanunvericiliyinə aid mütərəqqi dünya təcrübəsindən faydalanmaq məqsədilə bir çox xarici universitet və təhsil qurumları ilə əməkdaşlıq edib. 2020-2021-ci illərdə ADMİU Rektorunun Tədrisdə innovasiyalar üzrə müşaviri vəzifəsində çalışaraq universitetin Avropa təhsil məkanına daha sürətlə inteqrasiya olunması, əmək bazarında tələb edilən yeni ixtisasların açılması, beynəlxalq təhsil proqramlarının yaradılması və s. məsələlərlə bağlı təkliflər hazırlayıb. 2021-ci ilin sentyabr ayından Tədris işləri üzrə prorektordur.
Dosent Nigar Rüstəmova Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır. ERASMUS+ K2” proqramı üzrə “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı layihə çərçivəsində Azərbaycan Rektorlarının Konfransı üçün hüquqi sənədlərin hazırlanması, qanunvericilik sənədlərinin digər Rektorlar Konfranslarının modelləri ilə müqayisəli təhlili, Azərbaycan Rektorlar Konfransının Nizamnaməsi və digər əlaqəli sənədlərin milli tələblərə uyğun olaraq hazırlanmasında iştirak edib, ECAR layihəsi çərçivəsində Qaydaların yoxlanılması (Revision of Regulation) Komitəsinin işçi qrupunu idarə edib. 2023-cü ildə Azərbaycan Rektorlarının Konfransının Tədris işləri və keyfiyyətin təminatı üzrə komitəsinin sədr müavini seçilib.
Elmi-pedaqoji fəaliyyəti dövründə dosent Nigar Rüstəmovanın “Epik nəsr və milli ənənə (S.Rəhimova yaradıcılığı əsasında)” monoqrafiyası, “Rus ədəbiyyatı tarixi (XIX əsr)” adlı metodiki vəsaiti, “Rus ədəbiyyatı tarixi” fənni üzrə proqramı, “Z.Krakauer. Fiziki reallığın bəraiti” adlı monoqrafiyasının tərcüməsi”, “K.Voqler. Yazıçının səyahəti” adlı əsərinin tərcüməsi” və bir çox elmi məqaləsi çap olunub. Respublika və beynəlxalq elmi-nəzəri və praktiki konfranslarda məruzələrlə çıxış edib.