“RƏQƏMSAL KİTABXANADAN İSTİFADƏ” MÖVZUSUNDA TƏLİMLƏR YEKUNLAŞIB

ADMİU-nun Kitabxana-informasiya mərkəzinin əməkdaşları tərəfindən universitetin hər bir fakültəsində müvafiq ixtisaslar üzrə I təhsil ilinin tələbələri üçün təşkil edilən “Rəqəmsal kitabxanadan istifadə” mövzusunda təlimlər başa çatıb. Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan təlimlərin keçirilməsinin əsas prioriteti tələbələrin ənənəvi kitabxana-biblioqrafiya və informasiya xidmətlərindən istifadəyə cəlb olunması, veb səhifədə yerləşdirilmiş rəqəmsal tədris resurslarından, elektron informasiya-axtarış sistemindən və oxuculara virtual xidmətdən operativ istifadənin təşviq edilməsi olub. Qarşıya qoyulan məqsədə uyğun olaraq ənənəvi və elektron kitabxana xidmətləri ilə ətraflı tanışlıq, kitabxana fonduna yeni daxil olan nəşrlərin təbliği, internet səhifədə yerləşdirilmiş rəqəmsal tədris resursları ilə geniş məlumatlandırma, elektron kataloq sistemindən və tələbatçılara virtual informasiya xidmətdən istifadənin təbliği vəzifələri uğurla həll edilib.

Təlimin nəticəsindən gözlənilən hədəfləri belə ümumiləşdirmək olar: tələbələrin məkan və zamandan asılı olmayaraq kitabxana-informasiya xidmətləri və resurslarından yararlanmasının genişləndirilməsi; informasiya resurslarından istifadə vərdişlərinin artırılmasına dəstəyin göstərilməsi; təhsilalanların tədris prosesinin sənəd-informasiya təminatının təkmilləşdirilməsi, keçirilən fənlərin mövzularına uyğun çap və elektron nəşrlərə əlçatanlığın təmin edilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması; rəqəmsal kitabxanada resurs axtarışının həyata keçirilməsi üsulları və informasiya sorğularına uyğun olan nəşrlərin effektiv şəkildə tapılması vasitələrindən istifadə bacarıqlarının formalaşdırılması. Növbəti mərhələdə çoxsaylı oxucu sorğularını nəzərə alaraq təlimlərin elmi-tədqiqat işlərinin müxtəlif məsələləri üzrə universitetin magistrantları üçün keçirilməsi planlaşdırılıb.