SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib

İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.
Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Bildirilib ki, artıq beş ildir keçirilən SABAH İncəsənət Festivalının əsas məqsədi “SABAH qrupları” layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrinin tələbələrinin nailiyyətlərini əyani nümayiş etdirmək, gənclər arasında təhsil və yaradıcılığa həvəsi artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir.

Açılış mərasimində Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrinin ifasında xor və instrumental musiqi çıxışları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında müxtəlif rəqs nömrələri, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin SABAH qrupları tələbələrinin memarlıq layihələri (maketlər və elektron təqdimatlar), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) SABAH qrupları tələbələrinin isə dizayn və dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilib.

Tədbir boyunca ADRA SABAH qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.