İctimaiyyətlə Əlaqələr Üzrə Mütəxəssis

Mahmudzadə Şahanə Müşfiq qızı 21 noyabr 1992-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub.

Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov adına 80 nömrəli orta məktəbdə oxuduğu müddətdə dəfələrlə fənn olimpiadalarının, inşa yazı müsabiqələrinin qalibi olub. “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə olimpiadada iki dəfə Bakı şəhəri üzrə I, ölkə üzrə III yer tutub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına daxil olub. 2010-2014-cü illərdə BDU-nun Filologiya fakültəsində bakalavr, 2014-2016-cı illərdə Qafqaz Universitetinin Pedoqoji fakültəsinin “Azərbaycan ədəbiyyatı” ixtisasında magistratura dərəcələri üzrə təhsil alıb. Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantıdır.

BDU-da oxuduğu müddətdə 2012 və 2013-cü illərdə iki dəfə “İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülüb. 2014-2016-cı illərdə təhsil aldığı Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsini ədəbi işçi şəhadətnaməsi ilə bitirib. 2015-ci ildən Dünya Gənc Türk Yazarlar (DGTYB) və Azərbaycan Yazıçılar Birliklərinin (AYB) üzvüdür. 2015-ci ildə AYB ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təsis etdiyi 2 il davam edən II Gənc Ədiblər Məktəbini diplomla başa vurub.

2017-cı ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun gənclər üçün ayrılmış xüsusi təqaüdünə layiq görülüb.

2012-cı ildən yerli və xarici mətbuatda hekayə, şeir, esse və məqalələri “Şahanə Müşfiq” imzası ilə dərc olunur. “Ulduz”, “Azərbaycan”jurnalları, “Ədəbiyyat”, “Kaspi”, “525-ci qəzet” və s. qəzetləri, eləcə də bir neçə ədəbi portalda, İranın “Sancaq” qəzeti, Türkiyənin “Kümbet altında”, “Kardeş kalemler” dərgilərində, Özbəkistanın “Kitob dunyasi” qəzetində, Rusiya, Qazaxıstan, Qırğızıstanın bir sıra ədəbi portallarında yazıları dərc edilib. Hekayə və şeirləri “Zərrələr”, “Gənc qələm sahibləri”, “Atəş”, “Qarabağnamə”, “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu”, Türkiyədə çap olunmuş “Azerbaycan edebiyat antolojisi (gençler)” antologiyalarında yer alıb.

“Butafm Radio və Televiziya Məhsuldar Cəmiyyəti”ndə baş redaktor, “SÖZünÜZ” ədəbi verilişinin müəllif və aparıcısı vəzifəsində çalışıb. 2016-cı ildən “525-ci qəzet”-də xüsusi müxbir kimi fəaliyyət göstərib.

2017-cı ilin avqust ayında Türkiyənin İstanbul şəhərində Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən “Türk dünyası Gənc Yazarlar buluşması”nda Azərbaycanı təmsil edib. Həmin il uğurlu ədəbi fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin gənci” mükafatına ədəbiyyat nominasiyası üzrə layiq görülüb.

“Qaranlıqlar günəşi” (2013-cü il, nəsr) və “Şahanənin nağılı” (2018-ci il, şeirlər) kitablarının müəllifidir. “Şahanənin nağılı” kitabı 2019-cu ildə Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatının “Şans” ödülünə layiq görülüb. 2020-ci ildə Türkiyədə Avrasiya Yazarlar Birliyinin xəttilə “Şahanenin masalı” kitabı işıq üzü görüb.

2020-ci ildən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mətbuat katibi vəzifəsində çalışır.