Sosial-Mədəni Fəaliyyət Kafedrasının Müdiri
Kulturologiya üzrə fəlsəfə doktoru, dosent
Sevinc Vaqif qızı Əskərova 1988-ci ildə anadan olub.
2005-ci ildə Xırdalan şəhəri 2 saylı orta məktəbi bitirib.
2009-cu ildə Beynəlxalq mədəni əlaqələr ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib, 2010-cu ildə Beynəlxalq münasibətlər ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil olub, “Beynəlxalq qeyri-hökümət təşkilatlarının mədəniyyət proqramları” mövzusunda dissertasiya işini müdafiə edərək magistr dərəcəsini fərqlənmə diplomu ilə başa vurub.
2009-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Tarix Arxiv şöbəsində on ay müddətində istehsalat təcrübəsi keçərək rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif olunub.
2010-2013-cü illər ərzində Azərbaycan Kooperasiya Universitetində “Mədəniyyət işləri üzrə mütəxəssis” vəzifəsində çalışıb. Azərbaycan Kooperasiya Universiteti və Gürcüstan Texniki Universiteti ilə qarşılıqlı əməkdaşlıq qurulması zəminində 2011-ci il may ayının 6-11 tarixlərində Tiflis şəhərində ezamiyyətdə olub.
2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantura pilləsinə qəbul olmuş, “Azərbaycan – çex tarixi-mədəni əlaqələri” adlı dissertasiya mövzusu təsdiq edilərək, professor Əlikram Mirhəsən oğlu Tağıyev elmi rəhbər təyin olunub.
Tədqiqat işi Çexiya Respublikası ilə bağlı olduğundan, 2016-cı il 14 fevral tarixində “Müasir dövrdə cəmiyyət və mədəniyyət” adlı Praqa VI beynəlxalq elmi konfransında “Müasir qloballaşma şəraitində mədəni əlaqələrin genişləndirilməsinin əsas istiqamətləri” adlı məqalə ilə iştirak edərək diploma layiq görülüb.
Həmçinin, Rusiyanın yüksək impakt faktorlu “Проблемы современной науки и образования” elmi jurnalında çap olunan “The history and culture of Azerbaijan in Czech Oriental studies” adlı məqaləsi xüsusi ekspert komissiyasıyasının müsbət rəyini alaraq sertifikatla təltif edilib.
2017-ci il dekabr ayının 14-də “Azərbaycan-çex tarixi-mədəni əlaqələri” adlı doktorluq dissertasiyasını müdafiə edərək “Sənətşünaslıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Xaricdə və respublikanın müvafiq elmi nəşrlərində on yeddi elmi-nəzəri məqaləsi və beynəlxalq konfranslarda doqquz elmi tezisi dərc edilmişdir.
“Demoqrafiya”, “Şəxsiyyətin sosiologiyası” “Sosial antropologiya”, “Sosial – siyasi təhlil və lobbiçilik”, “Sosial proqram və layihələndirmə” adlı tədris proqramlarının həmmüəllifidir.
2019-cu ildən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun fəlsəfə elmləri doktoru (ixtisas: “Sosial fəlsəfə” – 7207.01) proqramı üzrə dissertanturaya qəbul olub. Doktorluq dissertasiyasının mövzusu “Mədəniyyət fəlsəfəsində: tarixi yaddaş və müasirlik problemi” adlanır.
10 may 2023-cü il ildə Belarusiya Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda “Heydər Əliyev və mədəniyyətlərarası əlaqələr” adlı təşkil olunmuş dəyirmi masada “Heydər Əliyev siyasi-mədəni kursunda azərbaycançılıq ideyası” adlı elmi məqalə ilə çıxış edib.
2013-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” kafedrasında müəllim kimi iş fəaliyyətinə başlayıb. 2018-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial – mədəni fəaliyyət” kafedrasının baş müəllimi, 2022-ci ildən isə dosent vəzifəsində çalışır.
Ailəlidir, bir qız övladı var.