Keyfiyyət Təminatı və Strateji Planlama Departamentinin Müdiri

Tarix elmləri doktoru, dosent

Əliyev Şirinbəy Hacıəli oğlu 1973-cü ilin oktyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub. 1990-cı ildə Zaqatala rayonu Əliabad qəsəbə 1 saylı beynəlmiləl orta məktəbini bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına daxil olub və 1995-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib. 1996-1999-cu illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirib və 2001-ci ildə universitetin Tarix fakültəsinin Müdafiə şurasında “İngiloylar. Tarixi-etnoqrafik tədqiqat” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2024-cü ildə “IX əsrin sonları – XIII əsrin əvvəllərində Azərbaycan – Gürcüstan münasibətləri (Şəki hakimliyinin tarixinə dair materiallar əsasında)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 02.05.2025-ci il tarixli qərarı ilə 5507.01 – “Beynəlxalq münasibətlər tarixi” ixtisası üzrə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Əliyev Şirinbəy Hacıəli oğlu 1998-1999-cu tədris ilində Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun İnsan hüquqları və YUNESKO kafedrasında müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 2002-ci ildən etibarən Bakı Slavyan Universitetində işə başlayıb, indiyədək “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi (2002-2005) və BSU Elmi şurasının qərarı ilə dosenti (2005-2008), Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində Tədris işləri üzrə dekan müavini (2004-2008), Ali Attestasiya Komissiyasının qərarı ilə 2008-ci ildə Beynəlxalq münasibətlər kafedrası üzrə dosent, 2008-ci ildə yeni açılmış Diplomatiya və xarici siyasət kafedrasının dosenti (indiyədək) və kafedra müdiri (2009-2012), Elmi işlər üzrə prorektor (2012-2013), yenidən Diplomatiya və xarici siyasət kafedrasının müdiri (2013-2016), Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı (2016-2021) vəzifələrində çalışıb.

Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universiteti) Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq, Diplomatiya ixtisasları üzrə ixtisasartırma kursunu keçib (2003). Eyni zamanda, təcrübəli tədqiqatçi-alim kimi universitetin elmi həyatında aktiv iştirak edib, universitetdə tələbə, magistr və doktorantların respublika və beynəlxalq konfranslarının təşkilatçısı olub, respublikamızda və xaricdə keçirilən konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, nüfuzlu elmi jurnallarda məqalələr çap etdirib. AAK-ın dövri elmi nəşrləri siyahısına daxil olan “BSU-nun elmi əsərləri (İctimai-siyasi elmlər seriyası)” jurnalının redaktoru (2014-2020), AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya Şurasının “Ümumi tarix” ixtisası üzrə, həmçinin Bakı Dövlət Universitetinin Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən “Ümumi tarix” ixtisası üzrə Elmi seminarın üzvüdür.

3 monoqrafiya, 74 məqalə və tezisin müəllifidir.

2023-cü ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri vəzifəsində çalışır. ADMİU-nun Elmi Şurasının, ECAR layihəsi çərçivəsində Strateji inkişaf üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə komitələrin üzvüdür.