TÜRKSOY-un C.Cabbarlının 125 illik yubileyinə həsr etdiyi kitab ADMİU-da təqdim olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Cəfər Cabbarlının 125 illik yubileyinə həsr olunmuş “Cəfər Cabbarlı Seçmə Dram Əsərləri” kitabının təqdimat mərasimi keçirilib.
TÜRKSOY, ADMİU və Cəfər Cabbarlının Ev Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir ADMİU-nun nəzdindəki TÜRKSOY Mərkəzində TÜRKSOY təmsilçiləri, universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutub.
Tədbiri giriş nitqi ilə açan Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı TÜRKSOY-un baş katibi Sultan Raevin salamlarını çatdırıb və Cəfər Cabbarlının XX əsr Azərbaycan və Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu deyib. O, Cəfər Cabbarlının zəngin və çoxşaxəli ədəbi mirasının oxucuların və tamaşaçıların yaddaşında unudulmaz iz buraxdığını vurğulayıb.
ADMİU-nun Dram Rejissorluğu və Səhnə Plastikası kafedrasının müdiri professor İsrafil İsrafilov çıxışında ötən il TÜRKSOY-la ADMİU arasında imzalanmış əməkdaşlıq müqaviləsindən danışıb və bildirib ki, bu bir il ərzində müqavilənin bəhrəsi kimi çox səmərəli işlər görülüb. Onlardan biri də ADMİU-da TÜRKSOY Mərkəzinin açılmasıdır. Eyni zamanda bu gün keçirilən tədbirin də bu əməkdaşlığın parlaq nümunəsi olduğunu qeyd edən İ.İsrafilov bu birliyin uzun müddətli olmasını arzulayıb. Professor dramaturqun əsərlərinin bir əsrə yaxındır ki, Azərbaycanda və digər ölkələrdə uğurla səhnələşdirildiyini, bu gün də bir çox əsərlərinin ölkənin müxtəlif teatrlarının repertuarında yer aldığını deyib. Eləcə də C.Cabbarlının poeziyasından da danışan İ.İsrafilov onun lirik-romantik və satirik şeirləri ilə tanındığını, onun şeirlərinə bir çox gözəl mahnılar bəstələndiyini bildirib.
Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə TÜRKSOY tərəfindən çap olunan kitabdan söz açaraq Azərbaycan teatr tarixinin böyük nümayəndəsi Cəfər Cabbarlının teatr yaradıcılığının Türk dünyasında tanıdılması üçün atılan bu addımı yüksək dəyərləndirib. Bu kitabdakı dram əsərlərini yaxın gələcəkdə Türkiyənin teatr səhnəsində görməyi arzuladığını deyib.
Həmçinin, ADMİU-nun kafedra müdiri Azad Şükürov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və digər çıxışçılar C.Cabbarlının əsərlərinin dil zənginliyini vurğulayaraq Azərbaycan türkcəsinin gözəlliyini və geniş imkanlarını ortaya qoyduğunu, dilin xalq arasında yayılıb zənginləşməsində rol oynadığını dilə gətiriblər.
Tədbirin sonunda çıxış edən böyük dramaturqun nəvəsi Qəmər Bağırova C.Cabbarlının Azərbaycan ədəbiyyatında bənzərsiz xidmətləri olduğunu vurğulayıb. O, 1982-ci ildə C.Cabbarlının 80 illik yubileyi münasibətilə Bakıda heykəlinin ucaldıldığını və ev muzeyinin açıldığını deyib. C.Cabbarlının eyni zamanda böyük bir türkçü olduğunu və həyatının sonuna qədər bu ideologiyaya sadiq qaldığını deyən Q.Bağırova dramaturqun yaradıcılığında xüsusi yer tutan “Ədirnə fəthi” və “Trablis müharibəsi” əsərlərinin adını çəkib. O, bu cür gözəl tədbirə görə TÜRKSOY-a, ADMİU-ya C.Cabbarlının ailəsi adından öz təşəkkürünü bildirib.
Sonda E.Qafarlı iştirakçılara TÜRKSOY-un baş katibi Sultan Raev adından Təşəkkürnamələr təqdim edib.