Audiovizual Sənətlər Fakültəsinin Dekan Müavini
Vəfa Kamal qızı Mirzəyeva 1994-1998-ci illərdə ADMİU-nun Teatr rejissoru ixtisası üzrə bakalavr təhsil səviyyəsini “Kişi və qadın” adlı mono tamaşasına uğurla quruluş verərək bitirib. 2004-2006-cı illərdə magistratura təhsil səviyyəsi üzrə Rejissorluq ixtisasını “Kamal Abdullanın yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək fərqlənmə diplomu ilə başa vuraraq magistr elmi dərəcəsi alıb.
2000-ci ildə ADMİU-nun Teatr sənəti fakültəsi Aktyor sənəti və dram relissorluğu kafedrasında laborant vəzifəsində əmək fəliyyətinə başlayıb. 2001-ci ildə ADMİU-da Musiqi sənəti fakültəsində Solo oxuma kafedrasına böyük laborant vəzifəsinə keçirilib. 2015-ci ilə qədər Muğam sənəti kafedrasında çalışıb. 2014-2015-ci illər ərzində ADMİU-də təşkil olunan Tyutorluq kursunda iştirak edərək yüksək balla I dərəcəli fərqlənmə sertifikatı əldə edib və həmin ildən də Musiqi sənəti fakültəsində tyutor (akademik məsləhətçi) vəzifəsində fəaliyyətini davam etdirib.
Türkiyə Cümhuriyyətinin Böyükelçiliği Eğitim Müşavirliği – Türkiye Türkçesi Egitim Öğretim Mərkəzinin sertifikatı, Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən ictimai işlərdə fəal iştirakına görə Fəxri fərmanı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən tədrisin təşkilində səmərəli fəaliyyətinə görə Fəxri fərmanlarla təltif olunub. 2023-cü ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Daxili keyfiyyət təminatı mexanizmlərinə dair” adlı təlimdə iştirak edib və sertifikat alıb.
Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dioloqda bədii ədəbiyyatın rolu” adlı Beynəlxalq elmi konfransda “Çağdaş qloballaşmada Kamal Abdullanın rolu”, İzmirdə keçirilən Uluslararası “Dede Korkut Türk Kültürü, Tarihi və Edebiyyatı” kongresinde “Sovyet döneminin ekran sanatında konu və ideoloji”, SDU-da Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilmiş “Heydər Əliyev və türk dünyası: ictimai, iqtisadi və mədəni əlaqələr” Beynəlxalq elmi konfransında “Heydər Əliyev və kino sənəti” mövzusunda tezis və məqalələrlə çıxış edib. Həmçinin, elmi məqalələr toplularında bir sıra məqalə və elmi işlərin müəllifidir.
2020-ci ildən etibarən Audiovizual sənətlər fakültəsində dekan müavini vəzifəsində çalışır. 2021-ci ildən Kino-televiziya sənətləri kafedrasında 0,5 ştat əvəzçi müəllimdir.
Ailəlidir, bir övladı var.