ADMİU-nun unudulmaz “Məzun günü”…
İyunun 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2024-2025-ci tədris ilinin “Məzun günü” keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissənin açılışını edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bütün məzunları bu xoş gün münasibəti ilə təbrik edib, universitetdənkənar həyatlarında da uğurlar və müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur: “Dövlətimizin hüquqi əsaslarının və milli müstəqilliyimizin daha da möhkəmləndirilməsinə həsr olunmuş bu əlamətdar ildə, biz bugünkü mərasimlə həm də mədəni suverenliyimizin qoruyucuları olan siz məzunları yola salırıq. Sizin yaratdığınız hər bir obraz, yazdığınız hər bir ssenari, çəkdiyiniz hər bir kadr, ifa etdiyiniz hər bir not Azərbaycanın mədəni müstəqilliyinə, yaradıcılıq azadlığına töhfə verəcək”.
Təhsil müddətlərində hər zaman universitetin ictimai işlərində, universitet daxili və xarici keçirilən tədbir, sərgi və konsertlərdə fəal iştirak edən məzunlara bu fəallıqlarını və sənət sevgilərini bundan sonrakı həyatlarında da qoruyub-saxlamağı arzu edən rektor ADMİU-nun da hər zaman onların yanında olduğunu, hər cür dəstəyi göstərəcəyini bildirib.
Rektorun çıxışından sonra ADMİU-nun 2024-2025-ci tədris ilindən müəyyən hissələri əks etdirən video-çarx təqdim olunub.
Sonra fakültələr üzrə məzunlar səhnəyə dəvət olunublar. Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Audiovizual sənətlər fakültəsinin dekanı Gülnarə Hüseynova, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov, ADMİU Sabah qruplarının rəhbəri Nofəl Vəliyev, ADMİU MBA proqramının rəhbəri Gülnarə Məmmədova çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu ediblər.
Tədbirdə ADMİU-nun Rəssamlıq fakültəsinin Geyim dizaynı ixtisasının 3-cü kurs tələbələri və məzunlarının əl işlərindən ibarət kolleksiyanı təqdim olunub. Qeyd edək ki, nümayiş olunan kolleksiya Türkiyənin Antalya şəhərində keçirilən Atlas moda həftəsi- 2025-də iştirak edir. Kursun rəhbəri dosent Nəzakət Səfərovadır.
Coşğulu Qraduasiya mərasimindən sonra Məzun gününün rəsmi hissəsi sona yetib.
Bədii hissədə tanınmış qonaqlar və ADMİU-nun məzunu olmuş sənətçilər şən musiqi nömrələriylə çıxış ediblər. Eyni zamanda tələbələrimiz- universitet nəzdində fəaliyyət göstərən “İncə sənət” rəqs dərnəyinin üzvləri müəllim Aydan Kamilovanın quruluşunda “Uzundərə” və “Nəlbəki” rəqslərini təqdim ediblər.