2024-2025-ci tədris ilinin ilk Elmi Şura iclası keçirilib
Sentyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2024-2025-ci tədris ilinə olan ilk Elmi Şura iclası keçirilib.
Ənənəvi olaraq bu dəfə də iclas son Elmi Şura iclasından keçən vaxt ərzində yubileyi qeyd olunan, eləcə də bu ildən etibarən təqaüdə çıxan əməkdaşların təqdimatı ilə başlayıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova Kulturologiya fakültəsinin Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının dosenti Ağamirzə İsfəndiyarovun bu ildən etibarən təqaüdə çıxdığını elan edib və uzun illər universitetdə pedaqoji fəaliyyətlə məşğul olmuş A.İsfəndiyarova can sağlığı, uzun ömür arzu edib. ADMİU-nun Ağsaqqallar Şurasının yaradıldığını qeyd edən rektor A.İsfəndiyarova istənilən vaxt həmin Şurada təmsil oluna biləcəyini deyib.
Həmçinin, rektor C.Mahmudova Musiqi sənəti fakültəsinin dekan müavini, dosent Mehriban Qasımovanı 55, Əməkdar İncəsənət Xadimi professor İlham Rəhimlini 75, Əməkdar Mədəniyyət işçisi Rəfail Əsədovu 80 illik yubileyləri münasibətləri ilə təbrik edib, hər üç yubilyara uzun ömür, can sağlığı, pedaqoji fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra iclas gündəlikdəki məsələlər və universitetə qəbulla bağlı hesabatlarla davam edib.