28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Ceyran Mahmudova açaraq 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Rektor qeyd edib ki, ölkəmizdə dövlət əhəmiyyətli günlər münasibətilə rəhbərlik etdiyi universitetdə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur. O, universitet kollektivi adından tədbirin xüsusi qonağı siyasi və dövlət xadimi, yazıçı, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənovu salamlayaraq iştirakına görə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Həsən Həsənov Azərbaycan dövlət müstəqilliyinin tarixi, müstəqillik yolunda xalqımızın keçdiyi mərhələlər, ümummilli lider Heydər Əliyevin dövlətçilik tariximizdəki rolu, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı barədə fikirlərini bölüşüb. O bildirib ki, Heydər Əliyev ölkənin ən çətin zamanlarında Azərbaycan müstəqilliyini yalnız siyasi deyil, həm də milli-mənəvi baxımdan formalaşdırmağa xüsusi önəm verib. H.Həsənov həmçinin 44 günlük Vətən müharibəsi və əldə olunan zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasının tarixi əhəmiyyətindən danışıb.
Çıxışın ardından tədbir iştirakçıları tərəfindən ünvanlanan suallar cavablandırılıb. Tədbir diskussiya şəklində davam edib.

