“TÜRKSOY” II Beynəlxalq tələbə tamaşaları festivalının möhtəşəm açılış mərasimi baş tutub
Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Fazil Mustafa, TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, millət vəkilləri, Festivala qatılan qonaq universitetlərin və yerli universitetlərin rektorları, tanınmış incəsənət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən S.Rayev Türk dünyasındakı gənc teatr sənətçilərinə dəstək məqsədi ilə keçirilən II Türk dünyası Tələbə Tamaşaları Festivalında olmaqdan məmnunluğunu ifadə edib.
Festivalın məqsədinin teatr sənətini inkişaf etdirmək və bu sənəti zənginləşdirəcək, onu gələcəyə daşıyacaq gənclər arasında körpülər yaratmaq olduğunu qeyd edən Rayev bütün kollektivlərə uğurlar arzulayıb: “Bu festival türk xalqlarının teatrının rəngarəngliyini və dərinliyini əks etdirməklə yanaşı, qardaşlığımızı və birliyimizi dünyaya bir daha göstərmək fürsəti yaradır”.
Həmçinin, S.Rayev Festivalın keçirilməsinə dəstək olan Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimliyə, Elm və Təhsil naziri Emin Əmrullayevə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudovaya öz təşəkkürünü bildirib. Rektor C.Mahmudova çıxış edərək gələcəyin aktyorları olacaq tələbələrin inkişafına öz töhfəsini verən belə bir layihənin ev sahibi olmaqdan duyduğu məmnunluğu və qüruru dilə gətirib, festivalın işinə uğurlar arzulayıb.
Daha sonra ADMİU-nun Xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Mustafa Aşurov), “Xəzər” tələbə xoru (bədii rəhbər və dirijor Təranə Yusifova), universitetin müəllim və tələbələri, müxtəlif illərdə məzun olmuş tanınmış aktyorlar, habelə Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdlərindən ibarət rəqs kollektivi türk xalqlarının tarixini və mədəniyyətini özündə əks etdirən epizodlar canlandırıb, musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Qeyd edək ki, açılış mərasiminin ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Nicat Kazımovdur.