“Akademik kitabxana fondları mədəni irsimizdə”adlı elmi-praktiki seminar keçirilib

20 fevral 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzi tərəfindən “Akademik kitabxana fondları mədəni irsimizdə” mövzusunda elmi-praktiki seminar təşkil olunub. Tədbirdə Bakıda və regionlarda yerləşən aparıcı ali təhsil müəssisələrinin – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin kitabxana rəhbərləri, əməkdaşları və ADMİU Kitabxana-informasiya mərkəzində istehsalat təcrübəsində olan tələbələr iştirak ediblər. Elmi seminarı giriş sözü ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova akademik kitabxanaların müasir fəaliyyət istiqamətləri, habelə, nadir və qiymətli nəşrlərdən ibarət fondlarının idarəolunmasının nəzəri və təcrübi məsələlərinin müzakirəsinə həsr olunmuş seminarın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. ADMİU-nun Kitabxana-informasiya mərkəzinin müdiri Tamilla Əsgərova müəllifi olduğu və yeni çap olunmuş“Nadir nəşrlər kolleksiyasının nəzəri və təcrübi məsələləri” adlı kitabı haqqında ətraflı məruzə ilə çıxış edib. Baş müəllim Natiq Mürsəlov “ADMİU-nun Kitabxana-informasiya mərkəzində innovasiya fəaliyyəti” adlı məruzəsini seminar iştirakçılarına təqdim edib. Tədbir tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılovanın “Bakı Dövlət Universitetinin Elmi kitabxanası elmi və mədəni irsin keşiyində” mövzusunda məruzəsi ilə davam edib.

        Seminara Dönməz Xəlilov “Qarabağ Universiteti və təhsil: gələcəyin liderləri üçün innovativ tədris yanaşmaları”, Aysu Rəsulzadə “Müasir kitabxana sistemində Naxçıvan Dövlət Universitetin Elmi Kitabxanasının fəaliyyət istiqamətləri” və Ayşən Əhmədova “Nadir nəşrlər: mədəni irsimizin xəzinəsi” adlı məruzələri ilə onlayn formada qatılıblar. Zinharə Həsənova “Milli-mədəni irsin qorunmasında akademik kitabxanaların rolu” və Aydan Şahmarova “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e kitab evinin nadir, unikal məzmunlu kitablar, əlyazmalar və miniatür kitablar xəzinəsi” adlı məruzərlə çıxış ediblər. Texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov isə ADA Universitetində kitabxana-informasiya fəaliyyətinin müasir vəziyyəti və hədəfləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Elmi-praktiki seminar akademik kitabxanalarda informasiya resurslarının rəqəmsallaşdırılması və istifadəsinin təşkili istiqamətində müxtəlif iş təcrübələri ilə bağlı fikir mübadiləsi ilə davam etdirilib.

Tədbirin bədii hissəsində qonaqlar ADMİU-nun SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev və dosent Yaqut Paşayevanın quruluş verdikləri Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” və Cəfər Cabbarlının “Dönüş” pyesləri əsasında hazırlanmış tamaşalarını tələbələrin ifasında izləyiblər.