ADMİU-DA NÖVBƏTİ TƏLİMLƏR KEÇİRİLİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) professor-müəllim heyətinin peşəkar inkişafını dəstəkləmək məqsədilə iki istiqamətdə növbəti təlimlər keçirilib. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi bu təlimlər ADMİU-nun təhsil sahəsindəki dinamik inkişaf strategiyasına uyğun olaraq, tədris metodlarının modernləşdirilməsi və akademik heyətin elmi fəaliyyətinin beynəlxalq müstəvidə gücləndirilməsi məqsədilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova universitetin əsas hədəflərindən birinin incəsənət və mədəniyyət sahəsi üçün rəqabətədavamlı, kreativ və analitik düşüncəli kadrların hazırlanması olduğunu qeyd edib. Bu kontekstdə təhsil proqramlarının keyfiyyətinin yüksəldilməsi və təhsilalanların peşə kompetensiyalarının inkişafında innovativ təlim texnologiyalarının tətbiqinin önəmi vurğulanıb. Prorektor “Problem əsaslı öyrənmə” (PƏÖ) metodunun tələbəmərkəzli və fəal öyrənməni təşviq edən effektiv təlim texnologiyalarından biri olduğunu bildirərək onun əsas xüsusiyyətlərinə diqqət yönəldib. PƏÖ-nün tələbələrin real problemlərə əsaslanan təlim prosesində tənqidi düşünmə, qərarvermə və komandada işləmə bacarıqlarını inkişaf etdirdiyini, eyni zamanda, nəzəri biliklərin praktiki situasiyalarda tətbiqini asanlaşdırdığını qeyd edib.
Nigar Rüstəmova, həmçinin, beynəlxalq nüfuzlu elmi bazalarda nəşr prosesi ilə bağlı keçirilən ikinci təlimdən əldə olunacaq biliklərin ADMİU-nun akademik heyətinin tədqiqatlarının beynəlxalq elmi inteqrasiyasını gücləndirəcəyini və universitetin qlobal elmi məkanda daha tanınan və rəqabətçi ali təhsil müəssisəsi kimi formalaşmasına mühüm töhfə verəcəyini vurğulayıb. Əlavə olunub ki, bu biliklərin mənimsənilməsi tədris prosesinin aktual elmi-tədqiqat nəticələri ilə zəngin və müasir ali təhsil tələblərinə uyğun şəkildə təşkilinə də şərait yaradacaqdır.
“Problem əsaslı öyrənmə” mövzusunda keçirilən təlimdə professor-müəllim heyətinə bu metodun tədris prosesinə tətbiqi yolları izah edilib. Təlimi aparan Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi, doktorant Natiq Mürsəlov PƏÖ modelinin tələbələrin real həyat situasiyalarına dair mürəkkəb problemləri araşdırmaqla tənqidi təfəkkür, komanda işi və özünüidarəetmə bacarıqlarını inkişaf etdirdiyini nəzərə çatdırıb. Nəticədə, təlim iştirakçıları PƏÖ-nün planlaşdırılması, kiçik qruplarla işin təşkili və tələbə fəaliyyətinin qiymətləndirilməsi üzrə praktiki biliklər əldə ediblər.
Muzeyşünaslıq və turizm kafedrasının müəllimi, Kitabxana-informasiya mərkəzinin əməkdaşı, doktorant Fəridə Abdullazadə tərəfindən keçirilən “Web of Science və digər beynəlxalq bazalarda elmi nəşr prosesi” mövzusundakı ikinci təlim isə akademik heyətin beynəlxalq elmi jurnallarda nəşr imkanlarının genişləndirilməsinə yönəlib. Təlimdə elmi-tədqiqatların beynəlxalq səviyyədə tanınması və yayılmasını təmin edən əsas informasiya resursları, xüsusilə, “Web of Science”, Scopus və digər nüfuzlu elmi bazalarda indeksləşmiş jurnallara məqalələrin təqdim edilməsi qaydaları, etik tələblər və nəşr prosesinin mərhələləri ətraflı şəkildə izah olunub.








