“Sonuncu Qatar” – Qeyri-ixtisas Tələbələrinin Yaradıcılıq Səhnəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi və Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə “Sonuncu Qatar” adlı bədii-konsert proqramı keçirilib. Layihənin ideya mərkəzində tələbələrin şəxsi yaradıcılıq təşəbbüslərinin səhnə üzərinə çıxarılması dayanır. Bu baxımdan “Sonuncu Qatar” tələbə gəncliyinin daxili yaradıcılıq dünyasının, hiss və düşüncə qatının incəsənət dili ilə təqdim olunduğu açıq yaradıcılıq meydanına çevrilib.
TEYC-in yeni fəaliyyət dönəmində qeyri-ixtisas sahələrində təhsil alan tələbələrin yaradıcılıq mühitinə inteqrasiyası xüsusi diqqətdədir. “Sonuncu Qatar” proqramı məhz bu tələbələrə səhnə təcrübəsi qazanmaq və öz yaradıcılıq potensialını nümayiş etdirmək imkanı yaradıb.
Konsert proqramının quruluşu Teatr Sənəti Fakültəsinin birinci kurs tələbələri Əli Zeynallının ideya müəllifliyi və rejissor işi, eləcə də Həsən Cəfərovun dramaturji çərçivəsi əsasında hazırlanıb. Səhnədə çıxış edən qeyri-ixtisas tələbələri üçün bu layihə həm ilk peşəkar təcrübə, həm də özünüifadə üçün mühüm platforma olub.
“Sonuncu Qatar” tələbələrin özünükəşfini, yaradıcı əməkdaşlığını və sənətə olan sevgi fəlsəfəsini bir araya gətirən dəyərli bir layihə kimi universitet həyatında xüsusi yer tutur.