SƏHNƏNİN AYNASINDA SÖZ: AYDIN TALIBZADƏNİN RESENZİYA POETİKASI

ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadənin “Güzgü effekti” adlı ikicildlik resenziyalar toplusu çap olunub. Nəşrdə müəllifin son 45 ilin teatr prosesləri, səhnə tamaşaları, dramaturji mətnləri və teatrşünaslıq sahəsində aparılan elmi araşdırmaları əhatə edən analitik resenziyaları sistemli şəkildə toplanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında”Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilən “Güzgü effekti” toplusu teatr tamaşalarının estetik, dramaturji və semiotik xüsusiyyətlərini əhatə edən elmi-nəzəri müzakirələrin dərinliyi və aktuallığı ilə seçilir. Teatr tənqidi və resenziya janrının müasir elmi-estetik meyarlara uyğun təqdim edildiyi kitab teatrşünaslıq, mədəniyyətşünaslıq və tənqid nəzəriyyəsi sahəsində aparılan tədqiqatlar üçün dəyərli elmi-nəzəri mənbədir.

Müəllif resenziyanı teatr tamaşasının yalnız təsviri və ya faktoloji-sənədli tarixi kimi deyil, onun çoxqatlı semantik strukturları, sosial-psixoloji kontekstləri və estetik-energetik potensialının təhlili kimi konseptuallaşdırır. Resenziya mədəniyyət hadisəsi kimi təqdim olunaraq teatr tənqidçisinin analitik və yaradıcı mövqeyinin vəhdətini ön plana çıxarır. Nəşrdə teatr tamaşasının polisemantik mahiyyəti, tamaşaçı assosiasiyalarının interpretativ rolu və resenziyanın qısa tədqiqat xarakteri elmi arqumentlərlə izah olunur. Bu baxımdan, “Güzgü effekti” adlı toplu teatr tənqidinin elmi əsaslarının formalaşdırılması, akademik resenziya mədəniyyətinin  inkişafı, teatr sənətinin müasir problemlərinin nəzəri təhlilinə və milli teatr tənqidinin elmi müzakirəsinin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşrdə tamaşanın müxtəlif səhnə elementləri, rejissorluq strategiyaları və aktyor oyunu arasındakı qarşılıqlı təsirlər mərhələli şəkildə analiz edilir ki, bu da tamaşanın çoxsəviyyəli mənalarının aşkara çıxarılmasına imkan yaradır. Habelə, təqdim olunan resenziyalar əsasında estetik və ideya resurslarının öyrənilməsi teatr tənqidində analitik düşüncəni inkişaf etdirməklə oxucuda teatr mədəniyyətinə dair daha dərin intellektual baxışın formalaşmasını təmin edir.