2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı yaradılmış İşçi Qrupun Elmi-tədqiqat (yaradıcılıq) istiqaməti üzrə altqrupun iclası baş tutub
05 fevral 2026-cı il tarixində “ADMİU-nun 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramı”nın hazırlanması məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyevanın rəhbərliyi ilə Elmi-tədqiqat (yaradıcılıq) istiqaməti üzrə altqrupun iclası baş tutub. İclasda Elm və doktorantura şöbəsinin müdiri Fəridə Cəlilova, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Ellada Hüseynova, Muzeyşünaslıq və turizm kafedrasının müdiri Yeganə Eyvazova, TEYC-in sədri Lalə Məcidova, həmçinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının doktorantı Azər Quliyev iştirak ediblər.
İclasda ADMİU-nun müəllim/professor heyətinin nüfuzlu indeksləşmiş jurnallarda məqalə dərci məqsədilə müxtəlif dəstək proqramlarının hazırlanması və həyata keçirilməsi, bu proqramlar çərçivəsində müəllimlərə elmi yazı və nəşr prosesləri üzrə redaktə dəstəyinin təmin edilməsinin vacibliyi qeyd olunub. Bundan əlavə, ali təhsil müəssisəsinin beynəlxalq aləmə çıxmasının, Kann kino festivalının Sinefondasyon (“Cinefondation”) proqramına qoşulmasının Universitetin imicinə müsbət təsirindən, yaradıcı istiqamətlərin orta təhsil müəssisələri ilə əməkdaşlığının faydasından danışılıb, daha böyük kontingenti ADMİU-nun yaradıcılıq potensialı ilə tanış etmək üçün bir sıra təkliflər irəli sürülüb.
İclasda altqrup üzvlərinin təkliflərinin “ADMİU-nun 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramı”nda hansı şəkildə əks oluna biləcəyi də nəzərdən keçirilib.

