Martın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı ilə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə keçirilib

Tədbiri giriş sözü ilə açan Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. Qeyd edib ki, parlamentdə artıq ikinci oxunuşdan keçmiş “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər də incəsənət təhsili sahəsində keyfiyyətin yüksəldilməsinə xidmət edir.
Sonra çıxış edən mədəniyyət naziri Adil Kərimli deyib ki, son illərdə mədəniyyət sahəsində sistemli islahatlar həyata keçirilir. O, Prezidentin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasından bəhs edib. Bildirilib ki, konsepsiyanın qarşıya qoyduğu çağırışlara uyğun olaraq mədəniyyət sahəsində insan kapitalının inkişafı və kadr hazırlığının artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bunlardan da biri incəsənət məktəblərinin fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, məktəblərin fəaliyyət keyfiyyətinin artırılması prioritet istiqamətlərdəndir.
Daha sonra mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov “Mədəniyyət Nazirliyi sistemindəki incəsənət məktəbləri: mövcud vəziyyət və perspektiv imkanlar” mövzusunda slaydlarla müşayiət olunan təqdimatla çıxış edib.
Sonra dinləmədə mövzu ərafında aparılan müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Elm və təhsil komitəsinin üzvləri Bəxtiyar Əliyev, Elçin Mirzəbəyli, Şahin Seyidzadə, Ceyhun Məmmədov, Mehriban Vəliyeva, Pərvin Kərimzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova, Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, incəsənət sahəsində tənzimləmələr və attestasiya imtahanlarının keçirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Mədəniyyət naziri Adil Kərimli tədbirdə deyilən fikirlərə münasibətini bildirib.