WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə ADMİU-nun yaradıcı müəllimlərinin görüşü

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları Cəmilə İsmayilzadə və Nuriyyə Həsənova ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaradıcı müəllim heyəti arasında işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi qarşıdan gələn World Urban Forum 13 çərçivəsində həyata keçiriləcək layihələr, yaradıcı təşəbbüslər və mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.
Tədbirdə şəhər mühitinin davamlı inkişafı, mədəni irsin qorunması və yaradıcı sənayelərin urban transformasiya proseslərində rolu kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva BMT-nin Ümumdünya Şəhərsalma Forununnun on üçüncü sessiyasında(WUF13) təşkil edilməsi nəzərdə tutulan Digər tədbirlər siyahısında 4 rəsmi tədbirin – “Yaşıl Dünya- Hər addım bir ümid” sərgi poster, “Təbiət və tullantılar, “Qobustan sədaları” və “Oyanış” adlı kompozisiyalar, “Mədəni irs-dayanaqlı şəhər” panel müzakirələr haqqında məlumat verib. Həmçinin, müəllimlər tərəfindən təqdim olunan konseptual yanaşmalar, xüsusilə incəsənət vasitəsilə şəhər məkanlarının yenidən dəyərləndirilməsi və ictimai iştirakçılığın artırılması baxımından məsələlər müzakirə olunub.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri forum çərçivəsində planlaşdırılan tədbirlər, beynəlxalq iştirakçıların cəlb edilməsi və kommunikasiya strategiyaları haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, UN-Habitat tərəfindən təşkil olunan bu nüfuzlu platforma şəhərlərin gələcəyi ilə bağlı qlobal dialoqu təşviq edir və innovativ yanaşmaların paylaşılması üçün geniş imkanlar yaradır. Görüş zamanı tərəflər arasında birgə layihələrin hazırlanması, tələbə və müəllimlərin forum prosesinə aktiv cəlb olunması, təşkili istiqamətində, həmçinin, məkanların dəqiqləşdirilməsi haqqında ilkin razılıqlar əldə olunub.