Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Jean Monnet Module çərçivəsində master klass keçirilib

18 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Jean Monnet Module çərçivəsində tələbələr üçün master klass təşkil olunub.

“Avropa Birliyinin Mədəniyyət və İncəsənət Siyasəti – Münaqişədən təsirlənmiş uşaqlar arasında sülh təhsili üçün bədii metodların araşdırılması” adlı təlim çərçivəsində Avropa Birliyinin mədəniyyət və incəsənət siyasətləri, bu siyasətlərin formalaşması və onların münaqişədən təsirlənmiş mühitlərdə tətbiqi məsələləri müzakirə olunub.

Tədbirə qonaq mühazirəçi qismində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetinin doktorantı Samirə Həsənzadə dəvət olunub. O, öz tədqiqat istiqamətləri və beynəlxalq təcrübəsi əsasında iştirakçılarla bilik və təcrübələrini bölüşüb.

Təlimdə həmçinin Jean Monnet Module meneceri Namiq Kərimov və universitetin akademik heyət üzvləri iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Master klass zamanı tələbələr Avropa Birliyinin mədəniyyət siyasətlərinə dair yeni yanaşmalarla tanış olub, incəsənətin sülh quruculuğundakı rolu və tətbiq imkanları barədə geniş müzakirələr aparıblar.

Keçirilən tədbir tələbələrin nəzəri biliklərinin artırılması ilə yanaşı, onların praktik və analitik bacarıqlarının inkişafına da töhfə verib və Jean Monnet Module-un əsas məqsədlərinə uyğun olaraq həyata keçirilib.