ADMİU-da Novruz tonqalı yandırılıb

Martın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə musiqili tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Bayram tədbirini giriş sözü ilə açan ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdar artist, professor Azad Şükürov İlaxır çərşənbənin və Novruzun qədim tarixindən danışıb, bu bayramı insanların yaz sevinci kimi dəyərləndirib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova milli bayramlarımızdan olan Novruzun xalqımız, millətimiz üçün önəmindən danışıb, bütün kollektivi və tələbələri İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edib, gözəl diləklərini çatdırıb.
Sonra “Cəngi” sədaları altında bayram tonqalı alovlandırılıb.
Daha sonra tədbir Musiqi sənəti fakültəsinin müəllim və tələbələrinin şux ifaları, “İncə sənət” rəqs qrupunun (bədii rəhbər Aydan Kamilova) rəqsləri ilə davam edib.
Konsert proqramında ADMİU-nun müəllimləri, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Zakir Əliyev, tələbələr Nurlan Səfərov, Yeganə Məmmədova, Xaqani Zeynalabdinov, xoreoqraf Aydan Kamilova öz ifaları ilə bayrama şən əhval-ruhiyyə qatıblar.