Tullantılar sənət əsərinə çevrilir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsində Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində böyük bir canlanma və yaradıcılıq prosesi yaşanır. Forumun əsas fəlsəfəsinə və qlobal ekoloji çağırışlara uyğun olaraq, fakültənin professor-müəllim heyəti və tələbələri təkrar emal materiallarından istifadə etməklə xüsusi sənət layihələrinin hazırlıq mərhələsinə start veriblər.
Universitet rəhbərliyinin dəstəyi ilə sərgilərdə ekoloji materiallardan, təkrar emal olunmuş əşyalardan və alternativ texnikalardan istifadəyə xüsusi önəm verilir. Tələbələr müəllimlərin rəhbərliyi altında məişət tullantılarını, yararsız metal, plastik və kağız materialları dayanıqlı şəhər mühitini tərənnüm edən instalyasiyalara çevirirlər. Müəllim və tələbə heyətinin birgə fəaliyyəti həm də maarifləndirici xarakter daşıyır. Yaradıcılıq prosesində ekoloji şüurun sənət dili ilə necə ifadə olunması barədə daxili müzakirələr və seminarlar aparılır.
ADMİU-nun rəhbərliyi və müəllim heyəti qeyd edir ki, bu təşəbbüslərin əsas məqsədi gənc rəssamların diqqətini qlobal şəhərsalma və iqlim problemlərinə yönəltmək, onlarda sosial məsuliyyət hissini inkişaf etdirməkdir. Təkrar emaldan yaradılan bu fərqli vizual əsərlərin WUF13 günlərində nümayiş olunaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.