ADMİU-nun növbəti Elmi Şura iclası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent Yeganə Eyvazovanı elmlər doktoru dərəcəsi, Musiqi sənəti fakültəsinin Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanovu dosent elmi adı alması münasibəti ilə təbrik edib, pedaqoji və elmi fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra iclas gündəlikdəki məsələlər, hesabatlar və cari məsələlərlə öz işini davam etdirib.
Gündəlikdəki məsələlərdə Keyfiyyət təminatı və Strateji Planlama Departamentinin müdiri, dosent Şirinbəy Əliyev ADMİU-nun Strateji İnkişaf Proqramının icrası ilə bağlı Qısa, Orta və Uzun müddətə Fəaliyyət planı barədə məlumat verib.
İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin müdiri Sitarə Abdullayeva İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin adının dəyişdirilməsi və yeni ştat vahidlərinin təsis edilməsi barədə çıxış edib. Elmi Şuranın qərarı ilə ölkə Prezidenti tərəfindən süni intellekt üzrə dövlət strategiyasının təsdiq edilməsini və bu sahənin ölkə üçün prioritet istiqamət kimi müəyyən olunmasını nəzərə alaraq sözügedən şöbənin adı “İctimaiyyətlə əlaqələr, marketinq və Süni İntellekt” kimi dəyişdirilib.
İclasın gedişatında “Açıq qapı günü” tədbirlərinin keçirilməsi, əcnəbilərin ADMİU-da tədrisinin təşkili və sair kimi məsələlər müzakirə olunub, hesabatlar dinlənilib.

