ADMİU-nun təşəbbüsü ilə “Heyrət, ey büt” adlı musiqili tamaşa nümayiş olunub

Aprelin 15-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Fikrət Əmirov adına böyük zalında ADMİU-nun təşəbbüsü və AMK-nın dəstəyi ilə Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş “Heyrət, ey büt” adlı musiqili tamaşa nümayiş olunub.
Tədbirin bədii rəhbərləri, ADMİU-nun Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının baş müəllimləri Sevinc Dadaşova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Əsgərovanın yaradıcılıq işi kimi təqdim olunub.
Musiqili tamaşanın ssenari müəllifi Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, quruluşçu rejissoru Musiqili teatr aktyorluğu kafedrasının baş müəllimi, Əməkdar artist Qurban Məsimov,
Xormeystr və dirijoru Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifovadır.
“Heyrət, ey büt” adlı musiqili tamaşada ADMİU-nun Teatr sənəti fakültəsinin Musiqili teatr aktyorluğu kafedrasının müəllim və tələbələri, həmçinin Musiqi sənəti fakültəsinin müəllim və tələbə heyəti iştirak edib.
ADMİU-nun “Nəğməli Bakı” tələbə İnstrumental ansamblı və “Xəzər” tələbə xor kollektivinin ifasında Üzeyir Hacıbəylinin əsərləri tamaşaçılara təqdim olunub. Dahi bəstəkarın “Arşın mal alan”, “O olmasın, bu olsun” operettasından musiqi nömrələri və “Çırpınırdı Qara dəniz” kimi əsərlərini ansambl üçün işləyəni Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı kafedrasının baş müəllimi Ülkər Aşurbəyovadır.