ADMİU-da “Quyuda bitən qamışın monoloqu” pyesinin oxunuşu baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində CHARACTERS Müasir Dramaturgiya Festivalı – 2026 çərçivəsində qalib seçilən Jalə İsmayılın “Quyuda bitən qamışın monoloqu” pyesinin oxunuşu baş tutub.
Tədbirdə festivalın rəhbəri İsmayıl İman, ADMİU-nun professor-müəllim heyəti və tələbələri, eləcə də əsərin müəllifi Jalə İsmayıl və digər qonaqlar iştirak ediblər. Oxunuşun rejissoru SABAH qruplarının Rejissorluq ixtisası üzrə IV kurs tələbəsi Ülvi Məmmədli olub.
Pyes tələbələr Murad Məmmədzadə və Heyran Abdullayeva tərəfindən səsləndirilib. Oxunuş zamanı əsərin mətnindəki dramatik qatlar və obrazların daxili dünyası tamaşaçılara təqdim olunub.
Tədbirin sonunda auditoriya ilə açıq müzakirə keçirilib. Festivalın münsiflər heyətinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərovun moderatorluğu ilə keçirilən müzakirə zamanı iştirakçılar əsər, rejissor yozumu və ümumilikdə müasir dramaturgiya haqqında fikirlərini bölüşüblər.
Qeyd olunub ki, bu cür oxunuşlar müasir dramaturgiyanın inkişafına töhfə verməklə yanaşı, gənc rejissor və aktyorların yaradıcılıq imkanlarını nümayiş etdirmək baxımından da əhəmiyyət daşıyır.