ADMİU-nun prorektoru Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təlimlərində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris işləri üzrə prorektoru, dosent Nigar Rüstəmova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin prorektorları üçün keçirilən təlimlərdə iştirak etməsi üçün İsmayıllı şəhərinə ezam edilib. Təlimlər 15-17 aprel 2026-cı il tarixlərində baş tutub. Təlimləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov, Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov,
Hüquq və insan resursları sektorunun müdiri Aygün Mustafayeva və
Sənədlərlə və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev aparıblar. Təhsilin müasir inkişaf meyillərini nəzərə almaqla tərtib edilmiş təlimlər iştirakçıların bilik və bacarıqlarının inkişafını, səriştələrinin yüksəldilməsini təmin edir. Təlimlər ali təhsilin idarə olunması, tədrisin təşkili və keyfiyyət təminatı, elmi əməkdaşlıq, elm və ali təhsilin beynəlmiləlləşməsi, ali təhsil müəssisəsində təhsil prosesinin idarə olunmasının hüquqi aspektlərinə həsr olunub.
7 regiondan 19 ali təhsil müəssisəsinin 23 rəhbər vəzifəli şəxsinin iştirakı ilə
8 istiqamət üzrə 40 qədər mövzu müzakirə edilib. Təlimlərin sonunda EATDA-nın direktoru Ülkər Səttarova iştirakçılara sertifikatlar təqdim edib. Prorektorların şəbəkələşməsinə, təcrübə mübadiləsinə xidmət edən belə təlimlərin davamlı olacağı gözlənilir.