“Kreativ gənclər III” düşərgəsi uğurla baş tutub
Aprelin 15-də Quba şəhərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Kreativ gənclər III” düşərgəsinin açılış mərasimi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 130 nəfər tələbə iştirak edib.
Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Şuşa Humanitar Kollecin tələbələri də təmsil olunublar.
Düşərgənin ilk günündə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. İnteraktiv tanışlıqdan sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Səbinə Məmmədovanın “Səhnədə canlanan kukla: texnika və ifa” adlı təlimi baş tutub.
İlk gün universitet və kollec tələbələrinin çıxışları ilə yekunlaşıb.
Düşərgənin 2-ci günü Aysel Məmmədzadənin “Şəxsi brend anlayışı” təlimi ilə başlayıb. Daha sonra ADMİU-nun Aİ üzrə mütəxəssisi Sabir Abbaszadənin “Süni intellektin gücü” adlı təlimi baş tutub.
Günün ikinci yarısında ADMİU-nun Musiqi fakültəsinin dekanı İradə Xəlilovanın “İlk addım: Vokal” təlimi və ADMİU Sabah qrupları tərəfindən keçirilən “Body Shaming” ilə yadda qalıb.
Aprelin 17-si- düşərgənin III günü yerli və xarici tələbələrin əl işlərindən ibarət sərgi ilə başlayıb. Daha sonra ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimovanın təqdimatında “Müasir dünya dəbində etno üslub” adlı təlim baş tutub. Təlimdən sonra tələbələrin moda nümayişi və ADMİU Rəssamlıq fakültəsinin müəllimi Röya Həsənovanın təqdimatında “İkinci həyat- davamlı moda” təlimi keçirilib. Düşərgənin üçüncü günü ADMİU-nun Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevanın rəhbərliyi ilə yerli və xarici tələbələrin iştirakında konsert proqramı ilə yekunlaşıb.
Aprelin 18-də də düşərgə bir sıra maraqlı təlim və proqramları ilə yadda qalıb. Belə ki, IV gün ADMİU -nun Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin mütəxəssisi Toğrul Qasımovun təqdimatında “Daxili güc və enerji” təlimi ilə başlayıb. Günün davamında Əməkdar artist, professor Gülşad Baxşıyeva “Rol üzərində iş” təlimində iştirakçılara maraqlı anlar yaşadıb.
Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyevanın bədii rəhbəri olduğu “Ölməz sənətkar” adlı kompozisiya da düşərgənin ən yaddaqalan anlarından olub. Kompozisiya Xalq artisti Rasim Balayevin əziz xatirəsinə həsr olunub.
Daha sonra təlimçilər Toğrul Qasımov və Könül Dəmirovanın rəhbərliyi ilə “Birlikdə gülək, yarışaq, qalib gələk!” devizi ilə müxtəlif oyunlar keçirilib.
Aprelin 18-i Qala gecəsi ilə tamamlanıb. Qala gecəsində düşərgədə iştirak edən bütün təhsil ocaqlarının tələbələrinin yekun çıxışları izlənilib və mükafatlandırma mərasimi keçirilib.
“Kreativ gənclər III” düşərgəsi aprelin 19-da öz işini uğurla yekunlaşdırıb.

