ADMİU-da “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş Respublika elmi konfransı keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XVIII Respublika Elmi Konfransı keçirilib.
Konfransda universitet rəhbərliyi, müxtəlif ali təhsil ocaqlarından qatılan tədqiqatçılar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, Mədəniyyət və İncəsənət Universiteti 2007-ci ildən etibarən doktorant və gənc tədqiqatçıların ənənəvi Respublika elmi konfransını keçirir. Artıq ənənə halını almış konfransın builki mövzusu mədəniyyət və incəsənətin ümumi problemlərini əhatə edərək Şəhərsalma və Memarlıq ilinə həsr olunub. Sonda rektor konfransın işində uğurlar arzulayıb, tədqiqatçıları bu cür konfranslarda aktiv iştirak etməyə çağırıb.
ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva çıxışında bildirib ki, “Mədəniyyət: problemlər və perspektivlər” konfransı magistrant və doktorantların öz tədqiqat işlərinin elmi ictimaiyyətə tanıtdırılması məqsədi güdür. O qeyd edib ki, doktorant və gənc tədqiqatçıların əldə etdiyi mühüm elmi nəticələrin praktiklərə çatdırılması yaradıcı təcrübəni zənginləşdirməyə xidmət etməlidir. Konfransın aktuallığı məhz tədqiqatçılarla praktiklərin qarşılıqlı əlaqələri kontekstində nəzərdən keçirilməlidir.
Prorektor bildirib ki, XXI əsrin şəhərləri getdikcə daha çox rəqəmsal mühitlərlə əlaqədə nəzərdən keçirilir. Bu kontekstdə rəqəmsal mədəniyyət insanların ünsiyyət, öyrənmək, istehlak və yaradıcılıq vərdişlərini dəyişdirir, fərdlərin həm real, həm də virtual şəhər həyatında davranışını müəyyənləşdirir.
Bütün bunlardan çıxış edərək konfransın mövzusunun aktuallığını vurğulayan S.Əliyeva burada önə çıxarılan məsələlərin gələcəkdə təcrübədə də öz əksini tapacağına və faydalı olacağına inandığını vurğulayıb.
Daha sonra məruzələr dinlənilib.