ADMİU-nun tələbələri Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olublar

Aprelin 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olublar.
Görüş universitetdə icra olunan “Musiqi terapiyası” fənni çərçivəsində təşkil edilib. Görüşün əsas məqsədi tələbələrin musiqi terapiyasının praktik tətbiq sahələri ilə tanışlığını genişləndirmək, inklüziv təhsil və sosial inteqrasiya istiqamətində bilik və bacarıqlarını inkişaf etdirmək olub.
Görüşdə ADMİU-da “Musiqi terapiyası” fənnini tədris edən Aysel Əzizova və Musiqi müəllimliyi ixtisası üzrə III kurs tələbələri Ülkər Məmmədova, Səriyyə Hacıyeva, Aydan Əliyeva və Solmaz Qocayeva iştirak ediblər.
Tədbir çərçivəsində tələbələr mərkəzdə təşkil olunan dərs proseslərini müşahidə edib, daun sindromlu uşaqlarla ünsiyyətdə olub, onların sosial və emosional reaksiyalarını yaxından izləmək imkanı əldə ediblər. Eyni zamanda, mərkəzin psixoloqları ilə aparılan müzakirələr zamanı reabilitasiya prosesində tətbiq olunan müasir psixoloji və pedaqoji yanaşmalar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Musiqi terapiyası” fənni 2024–2025-ci tədris ilindən etibarən ADMİU-nun bakalavr səviyyəsində musiqi ixtisasları üzrə təhsil alan tələbələrin tədris proqramına daxil edilib. Fənnin tədrisi çərçivəsində tələbələrdə musiqi fəaliyyətinə terapevtik yanaşmanın formalaşdırılması, musiqinin psixoemosional təsir imkanlarının öyrənilməsi və onların sosial baxımdan hazırlıqlı mütəxəssis kimi yetişdirilməsi əsas hədəflərdən biridir. Bu istiqamətdə müxtəlif reabilitasiya mərkəzləri və təşkilatlarla əməkdaşlıq davam etdirilir.
Xatırladaq ki, 2013-cü ildən fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.