ADMİU-nun müəllimləri beynəlxalq elmi simpoziumda iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatrşünaslıq kafedrasının professoru İsrafil İsrafilov və həmin kafedranın dosenti, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov Türkiyənin İstanbul şəhərində Türk ocaqları vəqfinin İstanbul şöbəsi və İstanbul Ticarət Universitetinin təşkilatçılığı, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi, İstanbul Krım-Tatar türkləri, Qafqaz vəqfi və Tek İmaş şirketinin dəstəyi ilə keçirilən “1924-1945 Yılları Arasında Sovyetler Birliğinde Yaşanan Büyük Tasfiyeler ve Sürgünler” (1924-1945-ci illər arasında Sovet İttifaqında baş verən böyük repressiyalar və sürgünlər) adlı beynəlxalq elmi simpoziumda iştirak ediblər.

Simpoziumda Türkiyə ilə yanaşı Azərbaycan, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Ukraynanı təmsil edən alim və tədqiqatçılar iştirak ediblər. Müxtəlif ölkələrdən olan ali təhsil və elmi-tədqiqat müəssisələrinin, eləcə də dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı simpoziumun beynəlxalq elmi platforma kimi əhəmiyyətini daha da artırıb və mövzunun fərqli elmi yanaşmalar çərçivəsində müzakirəsinə imkan yaradıb. Simpozium çərçivəsində təqdim olunan məruzələrdə Sovet İttifaqının Stalinizm dövründə yürütdüyü repressiya və sürgün siyasətinin müxtəlif coğrafiyalarda tarixi, ictimai və mədəni nəticələri, onun müxtəlif xalqların tarixi yaddaşına, mədəniyyətinə, ədəbiyyatına və ictimai düşüncəsinə təsiri kompleks şəkildə araşdırılıb.

Professor İ.İsrafilov “Azerbaycan’ın Repressiya Yıllarındaki Medeniyetine Retroskopik Bir Bakış: Devlette İnşa Aracı Olarak Repressiya” (Azərbaycanın repressiya illərindəki mədəniyyətinə retrospektiv baxış: repressiya dövlət quruculuğu aləti kimi”), dosent E.Cəfərov isə “Toplumsal-Siyasal Gerçekliğe Bir Refleks Olarak Tiyatro: Stalin Dönemi Tiyatro Üzerine Bir inceleme” (Teatr ictimai-siyasi gerçəkliyə refleksiya kimi: Stalin dövrünün təzahürləri”) mövzulu məruzələrlə çıxış edib.

Məruzələrdə Sovet İttifaqında repressiya illərinin həm ümumi ictimai-mədəni mühitə, həm də teatr sənətinə təsiri müxtəlif aspektlərdən təhlil olunub. Sənətşünaslıq doktoru, professor İ.İsrafilov çıxışında repressiya dövrünün Azərbaycan mədəniyyətinə təsirini retrospektiv müstəvidə araşdıraraq, bu proseslərin dövlət siyasəti və mədəni quruculuq kontekstində rolunu önə çəkib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent E.Cəfərov isə məruzəsində teatrın ictimai-siyasi gerçəkliyə refleksiya kimi çıxış etdiyini vurğulayaraq, Stalin dövrü teatrının ideoloji və estetik xüsusiyyətlərini teatr və siyasət münasibətləri müstəvisində təhlil edib.

Məruzələrdə qeyd olunub ki, Sovet dövrü Azərbaycan teatrının tədqiqi həmin tarixi mərhələnin ümumi mənzərəsini daha aydın şəkildə anlamağa imkan yaradır. Bu istiqamətdə aparılan araşdırmalar teatr tarixinin obyektiv dəyərləndirilməsi üçün mühüm elmi baza formalaşdırır. Həmçinin, repertuar siyasəti, tamaşaların ideya-məzmun xüsusiyyətləri və ümumilikdə teatr həyatının digər aspektləri elmi müstəvidə təqdim olunaraq müzakirəyə çıxarılıb. Məruzəçilər çıxışlarında qeyd ediblər ki, Sovet dövrü Azərbaycan teatrının tədqiq olunması həmin dövrün ümumi mənzərəsini daha aydın şəkildə görməyə imkan yaradır. Bu istiqamətdə aparılan araşdırmalar teatr tarixinin obyektiv şəkildə dəyərləndirilməsinə şərait yaradır. Qeyd olunan məsələlər simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

Sonda beynəlxalq elmi simpoziumun təşkilatçıları İstanbul Türk ocaqları sədri doktor Cezmi Bayram və İstanbul Ticarət Universitetinin rektoru, professor, doktor Necip Şimşek tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib. Simpoziumda təqdim olunan məruzələrin məqalələr toplusu kimi dərc olunması nəzərdə tutulur.